Analar ÜÇÜN » 2017 » Fevral » 20 » Aşılama
10:33
Aşılama
Aşılama, yəni uşaqlıq daxilinə inseminasiya kişidən alınan spermanın xüsusi üsullarla seçilib xüsusi maye içinə qoyulan hərəkətli spermaların birbaşa uşaqlıq daxilinə yeridilməsidir. Beləliklə, daha sağlam, hərəkətlivə daha yaxşı cəmlənmiş sperma qrupu uşaqlıq boynunu keçmək problemi də aşılaraq lazım olan yumurtalara daha yaxın nöqtəyə ən uyğun zamanda yerləşdirilməsidir.
Kimlərə tətbiq edilir?
Aşılama sonsuzluq müalicəsində qadının ən az bir uşaqlıq borusu açıq olduğu halda müalicə məqsədilə istifadə edilir. Süni mayalanma ilə müqayisədə daha ucuz üsul olduğu üçün ara bir addım olaraq qəbul edilir. Aşılamanın tətbiq edilmə səbəbləri bunlardır: uşaqlıq boynundan asılı olan sonsuzluq, kişidə boşalma pozğunluğu, impotensiya və ya spermanın sayı və hərəkət pozğunluğundan asılı olan sonsuzluq, izah oluna bilməyən sonsuzluq və I, II dərəcə endometriozla əlaqədar sonsuzluq.
Uşaqlıq boynu faktoru: anormal postkoital analiz olan qadınlar aşılama ilə müalicə edilirlər. Ancaq artıq beynəlxalq qurumlar bu analizin rutin dəyərləndirmənin bir hissəsi olaraq qəbul etməyə ehtiyac duymurlar.
Kişi faktoru
Sonsuzluq səbəbinin 40-50%-ni təşkil edən kişi faktoru aşılama üçün əsas səbəbdir. Boşalma disfunksiyası, seksual disfunksiya və retroqrad eyakulyasiya kimi sperma istehsalının normal olduğu mexaniki problemlərdə və az da olsa, kişidən asılı sonsuzluqda aşılama əhəmiyyətli müalicə alternatividir.
İzah oluna bilməyən sonszuluq və minimal endometriozis
İzah oluna bilməyən sonsuzluq diaqnozu, əslində, bütün mümkün səbəblər araşdırılıb kənarlaşdırıldıqdan sonra qoyulan diaqnozdur. Bu qrupa az da olsa,yüngül endometriozu olan xəstələr daxildir. Adətən, bütün sonsuz cütlüklərin 10%-i sonsuzluq analizindən keçdikdən sonra bu diaqnozu alırlar. İzah oluna bilməyən sonsuzluq KOH+aşılama tətbiqi üçün əsas səbəblərdəndir və izah oluna bilməyən sonsuzluq qrupuna süni mayalanmadan əvvəl aşılama alternativi mütləq təqdim olunmalıdır.
Kimlərə tətbiq edilmir: uşaqlıq boynu dar olduqda, endometritdə, hər iki uşaqlıq borusu bağlı olduqda və ciddi dərəcədə sperma azlığı (oliqospermiya) olduqda tətbiq edilmir.
Aşılama təyin ediciləri
Aşılama zamanı 5-60% aralığında dəyişən uğur əldə etmək mümkündür. Bu cür dəyişkənlik sonsuzluqla bağlı dəyişkənlikdir. Spermanın hazırlanma forması və ya spermanın uşaqlıq daxilinə yerləşdirilən kateterin cinsinin buna təsiri yoxdur. Beynəlxalq nəşrlərdə isə hər aşılama tsiklində orta hesabla hamiləlik 5-10% təşkil edir. Müalicənin uğurlu olmasına təsir edən səbəblər.
1-Qadının yaşı; ən mühüm səbəbdir. Qadının yaşının çox olması yumurta rezervinə, yumurta keyfiyyətinə və endometrial həssaslığa təsirindən qaynaqlanır. Yaşla əlaqədar aparılan aşılamada uğur faizləri
< 26 yaş18-20%
26-30 yaş14%
31-35 yaş 12%
36-40yaş 5%
41-45 yaş 0.5%
Bu məlumatlara görə 35 yaşdan sonra aşılamadan uğur əldə etmə faizi kəskin düşür, 40 yaşdan sonrakı hallarda çox aşağı hamiləlik faizinə diqqət edilməlidir.
İnseminatın (dölləndirmənin) keyfiyyəti; bir cütlüyə aşılamadan çox süni mayalanma tövsiyə edilməsi zamanı sperma keyfiyyətinin aşağı sərhədləri mövzusu mübahisəlidir. Sperma miqdarı 10 milyondan az olduqda hamiləlik şansının aşağı olduğu bildirilir. Aşılama üçün hazırlanmış mayalanmada məsləhət görülən, lazım olan hərəkətli sperma sayının aşağı sərhəddi aparılan tədqiqatlarda 3 ilə 10 milyon arasında müəyyən edilmişdir.
Hər nə qədər dəqiq sərhədlər müəyyən edilməsə də, hərəkətli sperma miqdarı 2 milyondan az olan hallarda hamiləlik şansı demək olar ki, imkansızdır. Hərəkətli sperma miqdarı 10 milyondan çox olduqda aşılama ilə klinik hamiləlik şansı 12.8% olduğu halda, 10 milyondan az olduqda bu şans 2.8% olaraq müəyyənləşdirilir. Bu məlumatlar əsasında bir çox mərkəzlərdə hərəkətli sperma sayı 10 milyondan az olan cütlüklərdə aşılamadan çox süni mayalanma məsləhət görülür.
Sonsuzluğun müddəti; sonsuzluğun müddəti uzandıqca, xüsusilə də izah oluna bilməyən sonsuzluqda aşılamanın nəticələri hamiləlik şansı ilə tərs mütənasibdir. Aparılan araşdırmada sonsuzluq müddəti 6 ildən qısa olan hallarda aşılamadan sonra hamiləlik şansı 20% olduğu halda, 6 ildən uzun olan hallarda bu şans 10%-dir.
Sonsuzluğun növü; Aşılamada kliniki hamiləlik və ya canlı doğuş faizini müəyyənləşdirən əhəmiyyətli faktorlardan biri hansı sonsuzluqsəbəbi ilə mübarizə aparılmasıdır. Aparılan araşdırmalarda ən yüksək hamiləlik faizinin izah oluna bilməyən sonsuzluq və ovulyasiyanın baş tutmaması, kişi sonsuzluğunda isə eyakulyasiya pozğunluğu hallarında hamiləliklərin olma şansı yüksəkdir.
Yumurta (follikul) sayı; Aşlamada yetişmiş, partlamağa hazır follikulun sayı ilə hamiləlik şansı arasında müsbət əlaqə vardır. Bir yetişmiş follikul olduqda uğur əldə etmə şansı 6.2%, iki olduqda 12.9%, 3 olduqda isə 30%-dir. Artmış klinik hamiləlik şansı demək olar ki, 40%çoxembrionlu hamiləlik riskini də özü ilə bərabər gətirir. Çoxembrionlu hamiləlik riskini minimuma endirmək üçün məsləhət görülən 15 mm-dən böyük 3 və ya daha çox follikul yetişdikdə müalicənin o ay üçün təxirə salınması və ya xəstənin şərtlərinə görə müalicənin süni mayalanma müalicəsinə çevrilməsidir.
Fərqli aşılama protokolları
Aşılama protokolları spermanın yerləşdirildiyi (uşaqlıqdaxili inseminasiya UDİ, uşaqlıq boynu inseminasiya UBİ)yerə görə fərqli olur.Hansı metodun istifadə edilməsindən asılı olmayaraq hərəkətli sperma hüceyrələri yumurta hüceyrəsinə mümkün qədər yaxın məsafədə yerləşdirilməlidir. Uşaqlıq daxilinə edilən aşılama – UDİ ən çox istifadə edilən üsuldur. 0.2-0.5 ml sperma suspensiyası kiçik kateter vasitəsilə, adətən, ultrasəs müayinənin köməyi olmadan uşaqlıq daxilinə yerləşdirilir. Uşaqlıq boynu inseminasiya (UBİ) bəzi klinikalarda ucuz olduğu üçün UDİ-yə maddi imkanı olmayan cütlüklərə alternativ olaraq təqdim edilir. UBİ-də sperma laboratoriya şəraitində hazırlanmadan, yəni kişidən alınan sperma birbaşa uşaqlıq boynuna yerləşdirilir. Təbii ki, hamiləlik şansı baxımından UDİ ilə müqayisə edildikdə uğur 50% daha azdır.
Təbii tsikl + UDİ yoxsa KOH + UDİ?
UDİ təbii tsikldə, yəni yumurta hüceyrəsi öz-özünə dərmansız böyüdükdən sonra və ya kontrollu ovarian hiperstimulyasiya (KOH), yəni həb və iynələrlə yumurtalıqlar stimullaşdırıldıqdan sonra tətbiq edilə bilər. Təbii tsikl + UDİ-da daha az maddiyyat tələb edir və dərmanlarla bağlı riskin yaranmaması kimi üstünlükləri var. KOH-da klomifen sitrat (CC), letrozol və ya qonadotropinlər (Gn) və GnRH antaqonistləri istifadə edilə bilər.
Aparılan araşdırmalarda sonsuzluğun hansı problem ilə mübarizə aparılmasından asılı olaraq bəlli bəzi müalicə protokollarının daha təsirli olduğu müəyyənləşdirilmişdir.İzah oluna bilməyən sonsuzluqda təbii tsikl + UDİ-dən çox klomifen, letrozol və ya ən yüksək hamiləlik şansı yaranan gonadotropinlərlə KOH + UDİ tətbiq edildikdə hamiləlikşansında nəzərə çarpan yüksəliş olur. Gn + UDİ tətbiq edilənlərin 1/3-də hamiləlik gözlənilir, ancaq həddindən artıq stimullaşdırıldıqda OHSS (ovarian hiperstimulyasiya sindromu) və çoxembrionlu hamiləlik riski yarana bilər.
Kişi faktoru olan hadisələrdə təbii tsikl+UDİ ilə klomifen+UDİ arasında hamiləlik faizi baxımından nəzərə çarpan fərqlilik müşahidə edilməmişdir. Ancaq klomifen əvəzinə qonadotropinlərlə KOH edildikdə, xüsusən də, hərkətli sperma sayı 10 milyondan çox olduğu hallarda UDİ ilə əhəmiyyətli yüksək hamiləlik şansı əldə etmək mümkündür.
İzah oluna bilməyən sonsuzluqda isə klomifen + UDİ, letrozol + UDİ və Gn + UDİ-nin müqayisəsi zamanı hamiləlik şansı arasında əhəmiyyətli fərq əldə edilməmişdir. Bu məlumatlar əsasında klomifenin daha asan nəzarət altında saxlanılması, daha az çoxembrionlu hamiləlik riski yaratması nəzərə alınaraq izah oluna bilməyən sonsuzluqda klomifen + UDİ müalicəsi maddi baxmdan ən təsirli KOH + UDİ olaraq qəbul edilir. Kliniki hamiləlik şansı baxımından isə qonadotropin istifadə edilərək UDİ edilməsi ən yüksək şansı gətirir.
Toxumun hazırlanması
UDİ-dan əvvəl kişi toxum plazmasında olan bəzi maddələrin (prostaqladinlər) təkan verən uşaqlıq sıxılmalarına mane olmaq və yarana biləcək pelvik iltihablanmanın qarşısını almaq üçün toxumun hazırlanması lazımdır. Metod hamilə qalma şansına təsir gösərməsə də, çox istifadə edilən metodlar spermanın kultura mühitində sentrifuqadan keçirilməsi və ya “density-gradient” üsulu ilə uyğun kultura mühitində hazırlanma formasıdır.
Aşılamanın vaxtını təyin etmək
Aşılama partlatma iynəsindən sonra bir və ya iki dəfə edilə bilər. Ancaq tək və cüt aşlamanı müqayisə edən araşdırmalarda hamiləlik şansı arasında fərqlilik müşahidə edilməmişdir. Onun üçün klinikada sperma miqdarı az olduqda 24 və 48-ci saatda iki dəfə UDİ, əgər spermanın miqdarı kifayət qədərdirsə, 36-38 saatdan sonra tək UDİ edilir. Aşılamadan sonra yarım saat klinikada rahatlandıqdan sonra, 6-8 saat sonra münasibətdə olması və daha sonra isə hər gün və ya günaşırı cinsi əlaqə məsləhət görülərək evə göndərilir. Bunun hamiləlik baş tutmasında təsirli olması qəbul edilib.

Luteal faza dəstəyi
Hansı protokolla aparılırsa, aparılsın, aşılamadan sonra HCG ilə və ya daha çox istifadə etdiyimiz progesterone ilə köməkçi müalicə aparılmalıdır. Bu müalicə hamiləlik testi edilənədək və əgər hamiləlik baş tutubsa, 11-14-cü hamiləlik həftəsinə qədər davam etdirilməlidir.
Digər mübahisəli məsələ isə neçə dəfə aşılama edilməsidir. Ümumiyyətlə,3-6 dəfə edilməsi qəbul edilmişdir. Ancaq sonsuzluğun səbəbini, qadının yaşını və cütlüyün maddi vəziyyətini də hesaba almaq lazımdır.Cütlüklər aşılamanın uğur şansının süni mayalanma ilə müqayisədə daha aşağı olmasına görə dərhal süni mayalanmaya istiqamətlənmək istəyirlər. Bu barədə cütlüklər daha sonra yarana biləcək maddi, mənəvi depressiya üçün düzgün istiqamətləndirilməli, bunun üçün
1-Aşılama ilə müqayisə edilməyəcək süni mayalanmanın xərci
2-süni mayalanmada da 100% uğurun əldə edilməməsi barədə məlumatlandırılmalıdırlar.

Uzm. Dr. HAKAN TANRIVERDİ
© http://cirtdan.tv/


Bölmə: Uzm. Dr. HAKAN TANRIVERDİ | Baxış sayı: 7928 | Əlavə edib: cirtdan-milli | Teqlər: Hakan, Aşılama | Reytinq: 5.0/1
Şərh sayı: 0
avatar
Uzm. Dr. Hakan Tanrıverdi
Cərrah Ginekolog

Op.Dr.Hakan   Tanriverdi
00:05:13
Copyright Cirtdan.TV ©
2013 - 2024

Hosted by uCoz
Cirtdan.TV PORTALI

Saytda yerləşdirilən online istifadə üçün nəzərdə tutulan bütün materiallar tanışlıq məqsədi ilə qoyularaq Video.Az, Youtube.Com , VK.comFreeOnlineGames(FOG) portallarının, o cümlədən Cirtdan.TV-də yerləşdirilmiş digər materialların rəsmi internet səhifələrinin açıq istifadə üçün nəzərdə tutulmuş resurslarından alınmışdır. Materialların məzmunu,keyfiyyəti və onlara yazılan şərhlərə, istifadəçilərin FOTOVİDEO ARXİVə yüklədiyi şəkil və videolara görə sayt və sayt administrasiyası məsuliyyət daşımır.
Webmaster & Designer: Ilkin Hakhverdiyev