Analar ÜÇÜN » 2017 » Yanvar » 9 » HAMİLƏLİKDƏ QİDALANMA
19:07
HAMİLƏLİKDƏ QİDALANMA
İnsan həyatında hamiləlik qidalanmanın ən vacib olduğu dövrdür. 1880-ci illərdən bəri hamiləlikdə düzgün qidalanma ilə bağlı işlər görülmüşdür. Məlum olmuşdur ki, hamiləlik zamanı səhv qidalanmanın yaradacağı problemlər yalnız anada deyil, o cümlədən, körpədə də həyatı boyu davam edə biləcək problemlərə səbəb ola bilər. Hamiləlik zamanı düzgün qidalanma ilə bağlı hər addım hamiləliyin istənilən ayında vacibdir. Xüsusilə də, qidalanmanın birbaşa körpənin fiziki və zehni inkişafına təsir etdiyi hamiləliyin ilk 2 ayı barəsində bizə məlum olmayan məlumatlar var. Hamiləlikdən əvvəl qidalanma ilə bağlı həkimlə məsləhətləşmə çox az müşahidə edildiyi üçün hamilə qadınlar hamiləlik fərq edildikdən, hətta ən kritik 2 ay keçdikdən sonra qidalanmalarına fikir verirlər. Çox zaman isə hamiləliyin sonuna qədər buna əməl etmirlər. Ancaq hamiləlikdən əvvəl bu ilk 2 aylıq dövr üçün düzgün olanları bilmək və bu barədə həkimlə məsləhətləşmək çox vacibdir.
Hamiləlik zamanı çəki qəbulu hər hamilə qadında fərqlidir və bu ananın hamiləlikdən əvvəlki çəkisi ilə, daha doğrusu, bədən kütlə indeksi ilə əlaqəlidir.
BKİ=Çəkiniz(kq)/boyunuz
Hamiləlikdən əvvəl məsləhətləşmə zamanı və ya ilk hamiləlik müayinəsində BKİ hesablanan hamilə qadının qidalanma vərdişləri ilə bağlı bütün məlumatlar və qidalanma balansına təsir edə biləcək bütün faktorlar öyrənilməlidir. Qidalanma vəziyyəti 4 fərqli, tibbi, qidalandırıcı, psixososial və əvvəlki hamiləlik tarixçəsi cəhətdən araşdırılmalıdır. Tibbi olaraq xüsusi qidalanma tələb edən şəkər xəstəliyi, uşaq salma ilə nəticələnən uşaq tarixçəsi, qidalandırıcı olaraq vegeterian olub olmaması, psixososial olaraq hamiləliyin istəyərək, yoxsa təsadüfən baş tutması kimi faktorlar əhəmiyyətlidir. Vitamin, mineral və bitki mənşəli dərmanların istifadəsi, mədəni və ya dini inancla bağlı qidalanma vərdişləri sorğu sual edilir. Məsələn, oruc tutma vəziyyətləri ilə bağlı məlumat alınır. Əgər qadın hamilədirsə, qidalanmasına nəzarət etmək üçün hər yediyini qeyd etməsi xahiş olunur. Beləliklə, sonrakı günün yemək planı daha sağlam edilir. Həmçinin, axşam evə gələn ata ilə də bu paylaşılıb onun da hamiləlik müddətinə daxil edilməsi təmin edilir. Bu məlumatları bildikdən sonra hamilə qadına çəkinin nə qədər artması, hansı vitamin, mineral istifadəsinə ehtiyac duyulduğu, eyni zamanda qarşılaşa biləcəyi ürək bulanma, qusma, mədə yanması, qəbizlik kimi vəziyyətlər haqqında da məsləhət verilir.
Eyni genetik quruluşa malik insanların uşaqları, hətta eyni anadan olan uşaqlar belə, nə eyni fiziologiyaya, nə də eyni zəkaya sahib olurlar. Buna genetik quruluş istisna olmaqla, hamilə qadının ətraf mühiti, hormonal vəziyyət və qidalanma formasının fərqli olmasının səbəb olması məlumdur. Eyni zamanda, ana bətnində inkişafın ən önəmli dövründə hamilə qadının keçirdiyi xəstəliklər və ya qidalanma formasındakı dəyişkənliklər körpədə doğumdan sonra müxtəlif xəstəliklərin ortaya çıxmasına səbəb ola biləcəyi də irəli sürülmüşdür. Bir çox görülən elmi işlərdə aşağı və ya yüksək doğum çəkisi ilə daha sonrakı yaşlarda əmələ gələn xəstəliklər arasında əlaqənin olması məlum olmuşdur. Buna baxmayaraq, hamilələrə daha sağlam körpələr üçün hamiləlik ərzində balanslı və kifayət qədər qidalanmaları ilə bağlı dəstək verilməlidir.

Hamiləlikdə qida ehtiyacı
Kalori
Hamiləlik ərzində kalori ehtiyacı hamiləlikdən əvvəlki çəki, hamiləliyin tək və ya əkiz olması, hamilə qadının gündəlik və ya hamiləlik ərzində çəki hədəfi kimi faktorlara görə fərqli ola bilər.Hamilə olmayan aktiv, işləyən qadında gündəlik ehtiyac 2200, daha sakit həyat tərzi yaşayan qadında isə 1600 kaloridir. Hamiləliyin ilk 3 ayında əlavə kalori ehtiyacı yoxdur, ancaq sonrakı 3 ayda gündəlik 340, son 3 ayda isə gündəlik 450 kilokaloridən artıq qəbul edilməsi körpənin sağlamlığı üçün kifayət edir. Artıq kalori hər yeməkdə bir neçə qaşıq artıq yeməklə təmin edilə bilər, ancaq vacib olan kalori ehtiyacını ödəyərkən qidalanma dəyəri yüksək olan qidaların qəbuludur. Bununla yanaşı, iki canlısan iki nəfərlik yeməlisən” kimi məsləhətlərə də qulaq asmamalısınız.
Bədənimiz kalori ehtiyacını ilk öncə karbohidratlardan təmin etməyə çalışır. Əgər kifayət qədər kabohidrat qəbul edilməsə, bədənimiz o halda kalori ehtiyacını yağlar və zülallar vasitəsilə təmin edir. Belə bir vəziyyətdə 2 nəticə ortaya çıxır, birinci olaraq beyin və sinir sisteminin inkişafını təmin edən zülallar çatışmır, ikinci olaraq isə yağın maddələr mübadiləsinin nəticəsi olaraq ketonlar ortaya çıxır, bu da körpənin bədənində turşu-qələvi balansını pozaraq beynin inkişafına mənfi təsir göstərir.
Karbohidrat
Hamilə qadında karbohidratlar bədəni enerji ilə təmin edən əsas qida qrupudur və gündəlik pəhrizin 50%-ni təşkil edir. Ancaq bəsit karbohidratların (ağ undan hazırlanmış məmulatlar, düyü, şəkər)qlisemik indeksi yüksək, qida dəyəri az, lakin kalorisi çoxdur. Kompleks karbohidratlar (kəpəkli-taxıldan hazırlanmış məmulatlar, qara düyü, bulqur, lobya,noxud, qabıqlı təzə kartof) və təzə meyvələr isə kalori ilə yanaşı, lifli qidalar olduğu üçün qəbizlik və hemoroidin əmələ gəlməsinin qarşısını alırlar. Həmçinin B vitaminləri, sink, selenium, xrom, maqnezium ilə də zəngindirlər. Hamilə qadınlar qida qəbulunu planlaşdırarkən lazım olan miqdarda, lakin kompleks karbohidratların qəbuluna üstünlük verməlidirlər. Artıq çəki problemi ilə qarşılaşmamaq üçün lazım olan karbohidratla qidalanmayan hamilələr həm həzmsizlik-qəbizlik problemi, həm vitamin çatışmazlığı, həm də bədən özünə lazım olan enerjini zülalların parçalanması ilə aldığı üçün zülal çatışmazlığı kimi problemlə qarşılaşırlar. Gündəlik karbohidrat ehtiyacı 130qr, hamilə qadında isə 175 qr-dır. Ehtiyacdan artıq qəbul edilən karbohidratlar enerji olaraq istifadə edilməsə, bədəndə yağ olaraq yığılır.
Qidaların qlisemik indeksi nə deməkdir?
Qidaların qan şəkərini artırma sürətinə qlisemik indeks deyilir. Bu mövzu, xüsusən, hamiləlik şəkəri və ya sürətlə çəkisi artan, çəkinin artmasının qarşısını ala bilməyən hamilələr üçün daha vacibdir. 2 fərqli qida maddəsinin tərkibində eyni miqdarda karbohidrat ola bilər, lakin qan şəkərini artıran təsirləri fərqli ola bilər. Həmin qidalardakı karbohidratların xüsusiyyətlərindən asılı olaraq həzm olunma sürətlərinin və sorulmasının fərqli olmasından qaynaqlanır.
Qlisemik indeksi yüksək olan qidalar çox sürətlə həzm olunub şəkərə çevrilirlər və sürətlə və bol miqdarda qana qarışıb qan şəkərini ani və həddindən artıq artırırlar.
Normal halda bədənimiz qandakı şəkər miqdarı artdıqda mədəaltı vəzi həmin şəkərin lazımlı orqanlar üçün istifadəsini təmin etmək üçün insulin ifraz edir. Həmin an ani və həddindən artıq artan qan şəkəri insulinin də həddindən artıq ifraz olunmasına səbəb olur.
Bədənə daxil olan həddindən artıq şəkər istifadə edilməsə, baxmayaraq ki, bu qədər ani və bol şəkərin istifadə edilməsi çox çətindir, depolanır və ona görə də piy toxuması çoxalır.
Qandakı şəkər azaldıqda insulin balansı da pozulduğu üçün insulin təsiri də davam edir. Qlisemik indeksi yüksək olan qida sürətlə həzm edilib bağırsaqlarda sorulub qurtardığı üçün qana şəkər nəqli azalır və qan şəkəri normadan aşağı düşür. Qan şəkərinin azalması isə acıma mərkəzini xəbərdar edir və sizdə yenidən aclıq və yemək istəyi yaranır.
Lakin bu cür hal o demək deyil ki, qlisemik indeksi yüksək olan qidalardan çox istifadə etmək olmaz. Daha əvvəl də qeyd etdiyim kimi mükəmməl qida deyil, mükəmməl qida kombinasiyası var. Qidalar da dərmanlar kimi düzgün miqdarda və düzgün zamanda qəbul edilsə, faydalı olurlar. Qlisemik indeksi yüksək olan qidaların miqdarını azaldıb, onunla yanaşı daha yavaş həzm olunan və aşağı qlisemik indeksi olan qidalarla qəbuluna üstünlük verməlisiniz.
ZÜLAL
Zülallar toxumanın əmələ gəlməsi üçün əsasdır. Aşağı zülalla qidalananların çoxunda zülal çatışmazlığı ilə yanaşı kalori əskikliyi də olur. Qadının gündəlik zülal ehtiyacı heyvani və bitki mənşəli bərabər olmaqla hər kilo üçün 0,8 qr, hamilə qadında isə 1,1 qr-dır. Ancaq daha çox embrionlu və yetkinlik yaşındakı hamilələrdə zülal ehtiyacı daha çoxdur. Bu ehtiyac qırmızı və ya ağ ət, süd və süd məhsulları, yumurta, balıq, quru paxlalılar – lobya, mərcimək kimi qidalarla ödənilməlidir. Ancaq çiy və ya yaxşı bişməmiş, kolbasa, sosiska kimi ət və ət məhsullarından yoluxa bilən toksoplazma infeksiyası baxımından uzaq durmaq lazımdır. Hətta evdə yemək hazırlayarkən əlcəksiz çiy ətə toxunmayın.
Gündəlik yağ ehtiyacı hamiləlikdə dəyişmir. Hamiləlikdə də gündəlik kalori ehtiyacının 30%-i yağlar vasitəsilə ödənilir. Ancaq kərə yağı, heyvan mənşəli yağlar marqarinlərlə müqayisədə daha az istifadəsi sağlamlıq cəhətdən faydalıdır. Bu cür doymuş yağların qəbulunu azaldıb, daha çox günəbaxan, fındıq, soya və ya zeytun yağı kimi doymamış yağlardan istifadə edilməlidir. Qidalanarkən orta yağlılıqda süd və yağsız qatıq, yağlı qırmızı ət əvəzinə yağsız ət və ya balıq, toyuq kimi ağ ətə üstünlük verməlisiniz. Eyni zamanda balıqla qəbul edilən yağlara xüsusi diqqət yetirməlisiniz.
Baqlıq ətinin tərkibində olan efir, bədəndə yarana bilməyən və mütləq kənardan qəbul edilməli olan omeqa-3 yağ turşuları beyin hüceyrələrinin inkişafında, sinirlərin əmələ gəlməsində və gözün torlu qişasının sağlam olmasında çox əhəmiyyətli rol oynayır. Normal miqdarda qəbul edilən yağlı balıqlar erkən doğum riskini azaltması, körpələrin doğum çəkisinin artırmasına dair tədqiqatlar var. O cümlədən, həftədə 1-3 porsiya balıq yeyən hamilələrin doğumdan sonra körpələrinin 6 aylıqda beyin inkişafının, 18 aylıqda isə danışma, başa düşmə, hərəkət və sosial qabiliyyətlərinin balıq yeməyənlərlə müqayisədə daha yaxşı olduğu təsdiqlənmişdir. Dəniz məhsulları dəniz suyundakı mineralları süzərək bədənlərinə qəbul edirlər və ona görə də dəmir, fosfor, kalium, selenium, yod, sink, eyni zamanda, vitamin qaynağı olmaqla, B6, B12, biotin, niasin, D və A vitamini ilə zəngindirlər. Ancaq dəniz məhsullarının suyu süzmə və mineralları özünə çəkmə qabiliyyəti zərərli maddələrə də aiddir.
Kirli suda yaşayan dəniz məhsullarının tərkibində civə kimi ağır metal ola bilər. Civə, xüsusilə də, hamiləlikdə çox miqdarda qəbul edildikdə inkişaf edən körpənin beyin və sinir hüceyrlərinə mənfi təsir göstərir. Bir çox beynəlxalq mütəxəssislər nəsil artırma çağındakı qadınlara tərkibində civə olduğu üçün həftədə biri yağlı olmaqla 2 pay balıq qəbulunu məsləhət görürlər. Qılıncqalıq, skumbriya, köpək balığı kimi balıqlar yüksək dərəcədə civə ehtiva edirlər. Dünyada ən çox istifadə edilən və tərkibində ən az civə olan dəniz məhsulları krevet, tuna, qızıl balıq, cod (morina)balığıdır. Konservləşdirilmiş tuna balığı salatlara və sendviçlərə əlavə edilə bilər. Həftədə ən çox 2 orta ölçülü konserva, təxminən 150 qr tuna balığı istifadə edilməlidir. Ölkəmizdə olan balıqlar barəsində isə yerli mütəxəssislərdən məlumat almaqla qəbul etməlisiniz.

A vitamini
Görmə funksiyası, hüceyrənin böyüməsi və immunitet sistemi üçün lazımlıdır. Yaşıl yarpaqlı və narıncı tərəvəzlərdə A vitaminin zərərsiz törəməsi olan b-karotin mövcuddur. Ancaq ət, süd, yumurta, balıq və toyuqda A vitaminin zərəli törəməsi olan retinol mövcuddur.Tərkibində yüksək retinol olan qaraciyər hamilələrə məsləhət görülmür. Hamilələrə məsləhət görülən vitamin həblərində də, mütləq, A vitaminin hansı törəməsi olması müəyyənləşdirilməlidir.Gündəlik məsləhət görülən doza 2500IU-dur. Bir başqa əsas məqam A vitaminin digər formasının dərman olaraq sızanaq müalicəsində istifadəsidir. Nəsil artırma çağında istifadə edildikdə mütləq doğum kontrolu məsləhət görülməlidir.
FOL TURŞUSU
Hamiləliyin ilkin mərhələsində bədəndə kifayət qədər olmaması ana bətnindəki körpədə sinir boru qüsurlarına (NTD-neural tube defects), yəni sinir sistemi ilə bağlı problemlərə səbəb olur. Məsləhət görülən gündəlik doza 600 ug-dır. Tünd yaşıl yarpaqlı tərəvəzlər, sitrus meyvələri, çiyələk, paxlalılar, taxıllarda və inkişaf etmiş ölkələrdə fol turşusu ilə zənginləşdirilmiş qidalarda mövcuddur. Hamiləlikdən 3 ay əvvəl başlayıb hamiləliyin 4-cü ayına qədər gündəlik rejimdən əlavə 400ug istifadəsi qüsurun əmələ gəlməsini 70% azaltması məlumdur. Eyni zamanda, əvvəl bu cür problemli körpəsi olan hamilə qadınlara gündə 400ug əvəzinə 4-5 mg folturşusu qəbul etməsi məsləhət görülür. Bir çox hamiləlik plansız olduğundan, xüsusi ilə, nəsil artırma çağındakı qadınlara hamiləlik planlaşdırmasalar da fol turşusu həblərindən istifadə etmələri məsləhət görülməlidir.
D VİTAMİNİ
Sümük inkişafını və fosfor ilə kalsiumun sorulmasını və istifadəsini nizamlayır. Yağlı balıqlar, yumurta və bəzi taxılların tərkibində olsa da, əsas mənbəyi günəşlənmə zamanı dəridə sintezlənməsidir. D vitamini çatışmadıqda doğulan körpədə raxit, osteomalasiya kimi sümük xəstəliklərinə səbəb olur. Rutin olaraq hamiləyə həblərlə dəstəklənməsi məsləhət görülmür, ancaq günəş işığını kifayət qədər qəbul etməyənlər, kifayət qədər qidalanmayanlar və artıq çəkili qadınlara xüsusi nəzarət edilməlidir.
DƏMİR
Qırmızı qan hüceyrələrinin əmələ gəlməsini təmin edir. Kifayət qədər qəbul edilmədikdə dəmir çatışmazlığı olaraq qarşıya çıxır, ana bətnindəki körpənin kifayət qədər böyüməməsinə, erkən doğuma, hətta ana-körpə ölümünə səbəb ola bilər. Dəmir bədənə qırmızı ət, yumurta sarısı kimi heyvani və taxıllar, quru meyvə, noxud,ispanaq, lobya, mərcimək, badam, qoz kimi bitki mənşəli qidalarla qəbul olunur. Heyvani qidalardan alınan dəmir bitki mənşəli qidalarla müqayisədə 3 dəfə daha yaxşı sorulur. Adətən qidalardakı dəmir kəpəkli qidalar, həb formasında kalsium, süd məhsulları, çay ilə bərabər qəbul edildikdə sorulmasına mənfi təsir göstərir. Dəmir həbləri tək, yemək arası bir miqdar su və ya portakal suyu ilə, əgər mədəyə narahatlıq verirsə, bunun qarşısını almaq üçün gecə yatarkən qəbul edilməlidir.
Normal halda gündəlik ehtiyac 15 mg-dır, ancaq hamiləlikdə qan həcmi və körpənin bədənində dəmirin depolanması üçün gündəlik ehtiyac 30 mg-a artır. Hamiləlik zamanı ilkin müayinələrdə dəmir çatışmazlığı yoxlanılır və dəmirlə zəngin və dəmirin sorulmasını artıran qidaların qəbulunu məsləhət görürlər.
Hamilə ilk və üçüncü 3 ayda hct-33, hgb-11
İkinci 3 ayda hct-32, hgb 10,5 olması normaldır.
Hamilələr tez-tez dəmir tərkibli tabletlər yazılır, ancaq qan azlığı olmayan və yaxşı qidalanan hamilələrə məsləhət görülmür. Çünki ana və körpənin sağlamlığı üçün faydası olmamaqla yanaşı, qəbizlik, həzmsizlik, ürəkbulanma kimi şikayətləri də artırır. Müntəzəm olaraq qan analizlərini etdirən, dəmir azlığı olmayan hamilələrə lazımsız yerə dəmir verməmək daha düzgün olardı.
Kalsium
Sümük və dişin inkişafı üçün, eyni zamanda, sinir sistemi və ürək əzələlərinin işləməsi üçün də lazımlıdır. Hamiləlikdə və süd vermə zamanı kalsiuma olan ehtiyac artır. Kifayət qədər qəbul edilməsə də ana bətnindəki körpə özünə lazım olan kalsiumu ana bədənindən alması ilə ana bədənində miqdarı azalır. Hətta aparılan tədqiqatlarda məlum olmuşdur ki, kalsiumun ana bədənində hamiləlikdən əvvəlki miqdarına aybaşı müntəzəm hala girdikdən 5 ay sonra çatır.
Aşağı kalsium qəbulu hamiləlik hipertoniyası ilə də əlaqəlidir. Ancaq qida ilə kifayət qədər kalsium qəbul edilərsə, dəstəkləyici kalsiumun faydası təsbit edilməmişdir. 19-50 yaş arası hamilələrdə gündəlik qəbulu 1000mg, yaşı 19-dan aşağı olan hamilələrdə 1300 mg olaraq qəbul edilmişdir. Kalsiumu qəbul etməyin ən yaxşı yolu qidalarla qəbul etməkdir. Balanslı qidalanan hamilədə kalsium çatışmazlığı çox az müşahidə edilir. Lakin gündəlik qida ilə kiayət qədər qəbul edilmirsə, kalsium həbləri istifadə edilməlidir. Hamilələr kalsiumu ən çox süd və süd məhsullarından alırlar. Pendir, qatıq kimi süd məhsulları ilə də kifayət qədər kalsium almaq mümkündür.Bir stəkan süd və ya bir kasa qatıqda 300 mg kalsium mövcuddur, ancaq az yağlı və yağsız süd məhsullarında da kalsium eyni miqdardadır, ona görə də daha az kalori almaq üçün üstünlük verilməlidir.
MAYELƏR
Gündə ən az 8-12 stəkan maye qəbul etməlisiniz. Maye yalnız sudan ibarət deyil, içdiyiniz süd, meyvə suyu, sup da mayedir. Mayenin az qəbul edilməsi qəbizliyə, həddindən artıq az qəbulu isə erkən doğuma təkan verir. Bədəninizdəki ödemi deyilənin əksinə olaraq az su içərək deyil, maye qəbulunu çoxaldaraq azalda bilərsiz.
Qidalanma ilə bağlı məsləhətlər
Yemək tezliyi
Bütün qadınların hamiləlik zamanı ehtiyacını qarşılayan standart qidalanma forması yoxdur. Ancaq hər hamilə qadının özünəxas hamiləlikdən əvvəl qidalanma vərdişi olur. Bu cür vərdişlərin üzərində aparılacaq dəyişkənliklər hamiləlikdə düzgün qidalanmaq üçün bönüvrə təşkil edəcək. Bu səbəblə hamilə qadınla ilk müayinədə qidalanma tezliyi ilə bağlı məlumat verilməlidir. İki yemək arası uzandıqca - 5 saatı keçərsə, ayaqüstü yeməklərin sayı artır. Bu cür qidalar az qidalandırıcı, lakin yüksək kalorili olduğu üçün lazımsız çəki artmasına səbəb olur. İki qida arasının ən uzun vaxtı gecə yuxusudur. Təxminən 8 saat olduğunu nəzərə alsaq, aclıq hissi və bununla bağlı yaranan ketoasidoz hamiləliyə mənfi təsir göstərir. Bunun üçün hamilələrə gecə yatmamışdan əvvəl təxminən 200 kalorilik yüngül yemək yeməsi məsləhət görülməlidir.
Qidalanma vərdişləri dəyərləndirildikdən sonra hamilə qadınla qida piramidası barəsində danışıb məlumat vermək lazımdır. Piramidanın hər qatında qida qrupları və hansı miqdarda istifadə edilmələri haqqında ananın məlumatlı olması vacibdir.
Hər qidanın fərqli faydası var, mükəmməl qida maddəsi deyil, mükəmməl qida kombinasiyası vardır. Bu kombinasiya hamilə qadının ilk müayinəsi zamanı alınan məlumatlar əsasında qida piramidasındakı ərzaq qruplarının içərisindən istəyə görə seçilə bilər.
Qidalanma piramidasının tərkibində 5 əsas qida qrupu var. Piramidanın ən alt hissəsində daha çox istifadə edilməsi lazım olan karbohidratlarla başlayır və daha az istifadə edilməsi lazım olan qidalara doğru gedir. Bu qida qrupları karbohidratlar, minerallar, zülallar, yağ və şəkərdir. Yağ və şəkər istifadəsi az lazım olan qidalardır, lakin A, D, E və K vitaminləri kimi bədənimiz üçün əhəmiyyətli olan vitaminləri daşıma vəzifəsi olduğu üçün sağlamlığımız üçün qəbulu çox vacibdir. Taxıl qrupu qida piramidasının ən alt hissəsində yerləşir və ən çox istifadə edilməsi lazım olan qidalardır. Karbohidrat, B vitamin, fol turşusu və dəmirlə zəngindir. Bir porsion olaraq 1 dilim çörək və ya yarım stəkan bişmiş makaron və ya da düyü istifadə edə bilərsiz. Gündə 6-11 porsion istifadə edilməlidir.
Meyvə qrupu fol turşusu, C və A vitamin ilə zəngindir. Gündə 3-5 porsiya istifadə edilməlidir.Lakin meyvə şirəsinə diqqət etməlisiniz, çünki lazımsız kaloriyə səbəb olur. Meyvə şirəsi əvəzinə təzə və ya dondurulmuş meyvə yeməyə üstünlük verməlisiniz. Bir böyük portağal, şaftalı, bir balaca alma, 7-8 ədət çiyələk və ya yarım stəkan qurudulmuş meyvə 1 porsiyadır. Tərəvəz qrupu lif mənbəyidir, A və C vitamin, fol turşusu və bəziləri də bitki mənşəli dəmirlə zəngindir. Gündəlik 3-5 porsiya təzə və ya dondurulmuş halda qəbul edilməlidir. Ancaq tərəvəz və meyvə qrupu ilə qidalanarkən gündəlik fərqli rəngli tərəvəz və meyvələrin qəbulu vacibdir. 1 porsiya tərəvəz çiy olaraq 1 stəkan, əgər bişmişdirsə yarım stəkandır.
Ət və ət məhsulları gündə 2-3 porsiya, təxminən 60-80 qram istifadə edilməlidir. Süd və süd məhsulları isə kalsium, D vitamini və zülalla zəngindir. Gündə ən azı 3 porsiya qəbul edilməlidir, ancaq mümkün olan halda yağsız və ya az yağlı olanına üstünlük verilməlidir. 1 porsiya süd və ya qatıq 250 qr, 1 porsiya pendir isə az yağlıdırsa, 50 qr-dır.
VİTAMİN, MİNERAL VƏ BİTKİ MƏNŞƏLİ DƏSTƏKLƏYİCİLƏR
Rutin olaraq fol turşusu, qan azlığı varsa, dəmir həbi dəstəkləyicilər verilməlidir. Vitamin-mineral dəstəkləyicisi isə çox embrionlu hamiləliklərdə, hamiləliyin erkən dövründə, ürək bulantısına və ya müxtəlif səbəblərdən nizamlı qidalanmayanlara, siqaret və ya spirt istifadə edənlərə,vegeterianlara və erkən yaşda hamilə qalanlara məsləhət görülür. Ancaq yaddan çıxarmaq olmaz ki, heç bir vitamin həbi sağlam qidalanmanın yerini vermir. Əgər qidalanma ilə bağlı narahatlıq keçirən hamilələr yaxşı qidalansalar da, hər ehtimala qarşı vitamin həbləri istifadə edilə bilər, heç bir ziyanı yoxdur.
Bitki mənşəli dəstəkləyicilər; Bütün hamilələr bu barədə sual cavab edilməlidirlər. Bitki mənşəli dedikdə hər kəs həmin qidaların ziyansız olduğunu düşünür. Lakin bu səhvdir. Çünki bir çox bitkinin və ya bitki mənşəli məhsulların hamiləlikdə istifadəsi qadağandır. Eyni zamanda , qadağan edilməyənlərin hamiləlikdə hansı dozada qəbul edilməsi barədə hər hansı tədqiqat yoxdur. Marketlərdən alınan, hamiləlikdə istifadəsi qadağan olmayan bitki çaylarının gündə 1, ən çox 2 stəkan istifadə edə bilər.
Qida dəyəri olmayan maddələr
Kafein, qəhvə, çay və şokaladda olur. Gündə ən çox nə qədər kafein qəbul edilə bilər dəqiq deyil, ancaq körpəyə birbaşa qanla keçdiyi üçün hamiləlikdə istifadəsi məhdudlaşdırılmalıdır. Gündəlik 200 mq-a qədər istifadəsinin problem yaratmadığı barədə işlər mövcuddur, ancaq daha yüksək dozada istifadəsi uşaq salmaya və ya körpənin kilosunun azalmasına dair məlumatlar var. Qəhvə və qəhvə tərkibli məhsulların qəbulu son illərdə artmışdır. Hamilələrə bu cür məhsulların istifadəsini azaltması barədə məlumat verilməlidir. 1 fincan qəhvə, neskafe 100 mq, 1 stəkan çayda 50mq, kolada 40mq və 50 qr-lıq şokoladda 50mq kafein var. Unutmayın ki, kafein sidik qovucudur, tez-tez sidiyə çıxma şikayətini artırır. Sidiklə bərabər kalsiumda bədəndən xaric olunur. Eyni zamanda, kafein dəmirin sorulmasını da azaldır.
Spirt – hamiləlik zamanı istifadə edilən spirtin hansı dövrdə, hansı dərəcədə ana bətnindəki körpəyə təsiri məlum deyil, ancaq körpəyə birbaşa keçdiyi üçün teratogen olaraq qəbul edilir. Ona görə də hamiləlikdə istifadəsi mütləq qadağan olumalıdır.
Süni dadlandırıcılar – saxarin –hamiləlikdə istifadəsi etibarlı deyil
Aspartam – fenilketonuriyası olmayan hamilələrin istifadə etməsi etibarlıdır.
Asesulfam K və sukraloz – hamilələrin istifadə etməsi etibarlıdır.
Dadlandırıcılar, adətən çəkinin artmaması üçün istifadə edilir. Hər nə qədər (Amerika dərman birliyi) bu maddələrin düzgün miqdarda istifadəsinin etibarlı olduğunu deyilsə də, hamiləlikdə bu cür dadlandırıcıların əvəzinə qidalandırıcı dəyəri yüksək olan qidalara üstünlük verilməsi daha doğru olardı.
Duz- əvvəllər hamilələrə az istifadə edilməsi məsləhət görülürdü, ancaq hal-hazırda buna ehtiyac yoxdur. Duz hamiləlik zamanı kifayət qədər qəbul edilmədikdə maye elektrolit balansına mənfi təsir göstərir. Yod ehtoyacını ödəmək üçün də gündə 2 qr yodlu duzun istifadəsi idealdır.
Məşq
Sağlam hamilələr müntəzəm, gündəlik və ya gün aşırı 30 dəqiqədən az olmamaq şərtilə hamiləliyə uyğun idman məşqləri etməyə təşviq edilməlidirlər. İdman məşqləri dedikdə əsasən, gəzmək və üzmək qəbul edilir. Ancaq qəbul edilən karbohidrat baxımından qidalanma ilə idman məşqləri arasında balans təmin edilməlidir. Hamilələr istirahət edərkən və idmanla məşğul olarkən normal qadınlarla müqayisədə daha çox kalori itirirlər. Bu səbəblə məşqdən ən az 1 saat əvvəl və edilən məşqin müddəti və çətinliyindən asılı olaraq sonra qanda şəkərin miqdarının aşağı düşməsinin qarşısını almaq üçün yüngül qida qəbul edilməlidir. Hamiləlik müddətində çəkinin qəbul edilməsində problemi olanlar məşqi məhdudlaşdırmalı və ya məşqdən əvvəl və sonra daha yüksək kalorili qidalar istifadə edilməlidir.
Hamilələrə çəki ilə bağlı məsləhətlər
Hamiləlik zamanı məsləhətlər görülən çəki ananın hamiləlikdən avvəlki BKİ ilə əlaqəlidir. Ancaq artan ümumi çəki ilə yanaşı, bu çəkinin hansı formada alınmasıdır. Hər müayinədə artan çəki qeyd edilməli və balans pozulmuşsa, müdaxilə edilməlidir. Bir çox beynəlxalq qurumuların məsləhəti aşağıdakıdır:
Hamiləlikdə 3-cü aydan sonra həftədə
Aşağı BKİ (19.8) 12-18 kilo 0,5-1 kilo
Normal BKİ (19.8-26) 11,5-16 kilo 0,4 kilo
Yüksək BKİ (26-29) 7-11 kilo 0,3 kilo
Obez BKİ (29) ən az 6 kilo 0,25 kilo
Yuxarıdakı cədvəlin tək istisna halı ilk 3 aydır. Bu dövrdə çəkinin az miqdarda azalması normal qəbul edilir. Ancaq adətən 1-4 kq çəki qəbulu daha çox müşahidə edilir. Aparılan tədqiqatlar göstərmişdir ki, məsləhət görüləndən daha az çəki qəbulunun erkən doğuşla, doğuşdan sonra isə əmizdirə bilməmək problemilə, daha çox çəki qəbulunun isə artıq çəkili körpənin doğulması ilə əlaqəsi var. Xüsusən də, hamiləlik ərzində 16 kilodan artıq çəki qəbul edildikdə doğuşdan sonra həmin çəkilərin azalması üçün uzun vaxt tələb olunur. Hamiləliyin ilk 20 həftəsində qəbul edilən artıq çəkinin də doğuşdan sonra daha çətin azalması barədə də işlər vardır.
Az çəkili qadınlar; Ana bətnində körpənin inkişafında gerilik, amniotik suyun azalması və aşağı çəkili körpənin doğulma riski yüksək olur. O cümlədən, hamiləlik zamanı lazım olan çəki qəbul edilməsə, bu cür risklər daha da artır.

Artıq çəkili qadınlar; körpədə beyin onurğa iliyində qüsurlar, ürək-damar pozğunluqları, hidrosefaliya kimi anadan gəlmə olan anormallıqların müşahidə edilmə riski artır.Eyni zamanda, doğuşun çətin olma riski də vardır. Bu cür risklərin artmasına səbəb diaqnozu qoyulmamış şəkər xəstəliyi ola bilər. Həmçinin, artıq çəkili hamilələrdə qida çatışmazlığı, xüsusilə də, fol turşusu çatışmazlığı da buna səbəb ola bilər. BKİ 27-dən yüksək olaraq hamiləliyə başlayan qadınlarda hamiləlik şəkəri, hipertoniya, laxtalanma ilə bağlı yaranan damar tıxanıqlığı, insult və sidik yolu infeksiyası yaranma riski artır. Bu cür vəziyyətlərdə hamilə qadınlar dietoloq nəzarəti altında hamiləliklərini davam etdirməlidirlər. Bu zaman gəzinti çox əhəmiyyət kəsb edir və ayda ən az 0,5 kilo çəki qəbuluna uyğun qidlanma rejimi tətbiq edilməlidir. Yaddan çıxarılmamalıdır ki, hamiləlik ərzində çəki azaldıcı qidalanma rejimi qəti olaraq, məsləhət görülmür.
Artıq çəki qəbulu; BKİ-nə görə hesablanan hamiləyə uyğun aylıq çəki norması aşılmamalıdır. İlk 3 ayda hamilə qadında hakim olan progesteron hormonunun yaratdığı təsir ilə anada artan halsızlıq və körpəmi itirə bilərəm qorxusu ilə üstünlük verilən həyat tərzi qidalanma balanslı olsa da, kalorinin sərf olunması azaldığı üçün həddindən artıq çəki qəbuluna səbəb olur. Eyni zamanda, hamilə qadınlar süni dadlandırıcıların istifadəsindən imtina etdikləri, meyvə şirəsindən daha çox istifadə etdikləri üçün asanlıqla çəkilərini artıra bilərlər. Meyvə şirəsi ilə bağlı aparılan tədqiqatlarda hamiləlik zamanı qəbul edilən çəkinin ən çox rast gəlinən səbəbidir.
Artıq çəkinin səbəbi təsbit edildikdən sonra bunun qarşısını almaq üçün qidalanma və həyat şəraiti ilə bağlı dəyişkənliklər hamilə qadınla müzakirə edilir və qidalanma rejimi üçün dietoloqa istiqamətləndirilir. Bu barədə hamilə qadına hər müayinə zamanı məlumat verilməli və çəkinin nəzarət edilməsinə istiqamətləndirilməlidirlər.
Həddindən artıq çəkinin artması zamanı aşağıdakılara diqqət edilməlidir;
1-Əvvəlki çəkinin düzgün yoxlanılması dəyərləndirilir
2-Çəki balansı yoxlanılır, əvvəlki ay daha az çəki qəbul olunubsa, sonrakı ay daha çox qəbul edilə bilər
3-Ödem – şişkinliyin çoxalması yoxlanılır
4-İştahanın artması, fast food kimi qidalanma, şirniyyat və meyvə şirəsi qəbulunun artması ilə bağlı məlumatlar alınır
5-Psixoloji və ya sosial olaraq həyatındakı dəyişkənliklər sorğu sual edilir. Stresdən həddindən artıq yemək yeyən və ya iştahası azalan analar var
6-Fiziki fəaliyyətində yorğunluğa və ya yataq istirahətinə meyilliliyindəki azalma yoxlanılır.
Az çəki qəbulu; Normal BKİ ilə hamilə qalan anaların ilk 5 ayda təxminən 5 kilo çəkisi artmalıdır. Artıq çəkilidirsə, 2,5-3,5 kilo, az çəkilidirsə, 7-8 kilo arasında dəyişməlidir. Aylıq olaraq isə BKİ normal olan hamilə qadın ayda 1 kilodan, artıq çəkili hamilə qadının isə 0,5 kilodan az çəkinin artması aşağı çəki qəbulu olaraq dəyərləndirilir. Aparılan bir çox tədqiqatlarda hamiləliyin daha sonrakı dövrlərində aşağı çəki qəbulu ilə erkən doğuş arasında əlaqə olduğu təsbit edilmişdir.
Çəkinin az qəbul edilməsi zamanı nələrə diqqət etməlisiniz:
1-Həmin ay deyil, ümumilikdə artan çəkiyə nəzarət edilməlidir, əgər hamilə qadın 1 ay artıq çəki qəbul edibsə, sonrakı ay daha az qəbul etməlidir. Ancaq bu cür qeyri-müntəzəm çəki qəbulunu digər aylarda davam etdirmək düzgün olmazdı
2-Əvvəlki çəkinin qeyd edilməsində səhvlik , paltarların çəkisində fərqliliyin olub olmaması yoxlanılmalıdır
3-Bədənində ödemin mövcudluğu yoxlanılmalıdır
4-Ürək bulanma,qusma, ishal və ya başqa xəstəliyin mövcudluğu
5-qida qəbulunda qüsur və artıq çəki qorxusu
6-Erkən doyma hissi. Bəzən həddindən artıq maye qəbulundan sonra iştaha olmur. Bu cür hallarda az kalorili mayelərə üstünlük verilməlidir.
7-Müxtəlif psixososial problemlər, məsələn, arzu olunmaz hamiləlik olduqda, ailə dəstəyi olmadıqda, işin itirilməsi kimi səbəblər yemək problem yarada bilər.
8-Maddi olaraq qidalanma kifayət etməyə bilər və ya narkotika qəbulu iştahanı poza bilər
Qısa qısa
Yediyiniz hər şeyi qeyd edin, axşam həyat yoldaşınızla günü dəyərləndirib sonrakı gün nə qəbul edəcəyinizi müəyyənləşdirin. Beləliklə atanı da hamiləlik müddətinə daxil edin.
Kalorini hesablayarkən qidalandırıcı amilinə də diqqət edin. Ağ undan hazırlanan çörəkdən aldığımız 150 kalori ilə taxıldan alınan 150 kalori eynidir, ancaq taxıl daha qidalandırıcıdır.
Bətninizdəki körpənin müntəzəm qidalanmağa ehtiyacı var. Ac olmasanız belə, müntəzəm yemək yeməyə diqqət yetirin. Ancaq unutmayın ki, ən yaxşı və balanslı qidalanmanı tətbiq etsəniz belə siqaret və spirt istifadə edirsinizsə, bunun bir xeyri olmayacaq.
Şəkər qəbul etmək boş kalori qəbil etməklə və lazımsız artan çəki ilə eynidir. Ancaq onun əvəzinə süni dadlandırıcı qəbul etmək də çox yaxşı seçim deyil. Ən yaxşısı meyvə şirəsi ilə şəkər ehtiyacını ödəməkdir. Şəkərdən aldığınız kalorini daha yüksək qida dəyəri olan qidalardan qəbul etmək sizin və körpəniz üçün daha yaxşıdır.
Hazır, bişmiş və ya yarı bişmiş yeməklərdən uzaq durum, konservə əvəzinə təzə dondurulmuş məhsullara üstünlük verin. Ancaq ən doğrusu, öz mövsümündə yetişən tərəvəz və meyvə qəbul etməkdir. Daha çox lifli qida qəbul edənlərin hamiləlik şəkəri olma riski azdır.
Hamiləlik zamanı tətbiq etdiyiniz qidalanma formasını ailəniz üçün də tətbiq etsəniz, həm sizin üçün asan olar, həm də daha sağlam ailəniz olar.
Dəmir tərkibli həbləri aç qarnına, ya da C vitamin ilə zəngiz diqalarla birgə qəbul edin və 2 saat əvvəl və sonra süd məhsulları qəbul etməyin. Həmçinin, kalsium tərkibli dərmanlarınızı dəmir tərkibli dərmanlarla eyni vaxtda qəbul etməyin.
Kalsium tərkibli həblər yemək zamanı qəbul edildikdədaha yaxşı sorulurlar.
Süd və süd məhsullarının pasterizə olunmasına fikir verin. Açıq satılan süddən uzaq durun. Vitaminlər insan bədənində metabolik hadisəsini asanlaşdıran maddələrdir və artıq çəkiyə səbəb olmur.
Müxtəlif qidalar
Yumurta: az bişmiş yumurta və bişməmiş yumurta tərkibli mayanez kimi qidalar hamiləlikdə istifadə edilməməlidir. Bu cür qidalar qida zəhərlənməsinə səbəb olan salmonella mikrobunun qaynağı ola bilərlər. Yaxşı bişmiş və yaqatı yumurtanın hər hansı bir ziyanı yoxdur. Keyfiyyətli zülal və D vitamini ilə zəngin olan yumurta ət yeməyən vegeterianlar üçün ət əvəzi məsləhət görülə bilər.
Dəniz məhsulları: midiya, istridyə, krevet kimi çiy və az bişmiş qabıqlı dəniz məhsulları hamiləlikdə qəbul edilməməlidir. Eyni zamanda, suşi də yeyilməməlidir. Çiy dəniz məhsulları salmonella mikrobu baxımından qida zəhərlənməsinə səbəb ola bilər. Həmçinin, kampilobakter (həm heyvanlarda, həm də insanlarda xəstəlik yaradan bakteriya) və listeria mikrobu da tərkiblərində ola bilər. Ancaq dəniz məhsullarını, təbii ki, tərkibindəki ehitmal olunan bakteriyların ölməsi üçün yaxşı bişirmək lazımdır. Bundan sonra yeyilə bilər.
Balıq: Balıq həm keyfiyyətli zülal, həm də fosfor və omeqa turşuları ilə zəngin olduğundan hamiləlikdə həftədə 2 dəfə qəbul edilməsi məsləhət görülür. Konserva balıq əvəzinə təzə balığa üstünlük verilməlidir. Balığın qəbul edilməsi ilə bağlı problem isə ətraf mühit çirklənməsi ilə yanaşı körpənin sinir sisteminə zərər vərə biləcək civə kimi ağır metalları ehtiva etmə riskidir. Bu dövrdə köpək balığı, qılıncbalığı və skumbriya məsləhət görülmür. Hamilələrə ən çox həftədə 2 dəfə yaxşı bişmiş lufar, palamud, levrək, sardina və qızıl balıq qəbulu məsləhət görülür. Soyuq dənizlərdə olduğu üçün omeqa3 yağ turşusu ilə zəngin olan qızıl balıq bədəndəki artıq xolesterol səviyyəsini aşağı salır və ürək xəstəlikləri riskini azaldır. Hamiləlikdə qəbul edilən qızıl balıqdakı yağ turşuları körpənin beyin və sinir sisteminin inkişafına müsbət təsir göstərir, çəkini artırmaqla yanaşı, hamilə qadının müqavimətini də artırır. Aparılan tədqiqatlarda məlum olmuşdur ki, balıqla qidalanan hamilə qadınların uşaqları daha ağıllı və hərəkətli olular.
Banan
Lifli olmaqla yanaşı, C, B6 vitamini və bədənin qan təzyiqini nizamlayan əhəmiyyətli mineral olan kalium baxımından da zəngin qida mənbəyidir. Bir çox xəstəliyin müalicəsində faydalı olmaqla yanaşı, xüsusilə də həzm sisteminin pozğunluğunda, əzələ qıc olması kimi vəziyyətlərdə də tövsiyə edilir. Kalium, natrium ilə birlikdə hamiləlik dövründə əhəmiyyət qazanan hüceyrə və əzələ inkişafına kömək edir, bədənin su balansının tənzimlənməsində və ürək döyüntülərinin nizamlanmasında da təsirlidir. O cümlədən, normal funksiyalarını reallaşdırmasına kömək edir, qırmızı qan hüceyrələrinin əmələ gəlməsini dəstəkləyir. Enerjinin yaranmasına da kömək edir və stresə qarşı dayanaqlılığı artırır.
Portağal şirəsi
Hamının bildiyi kimi C vitamini ilə zəngin olan bir stəkan portağal suyu ilə gündəlik C vitamin ehtiyacınızı ödəyə bilərsiniz. C vitamin dəri hüceyrələrini bərpa edir və dərinin müdafiə mexanizmasını gecləndirir. Beləliklə də dərini mənfi xarici tərilərdən qoruyur. Portağal şirəsi, eyni zamanda, kalium və fol turşusu ehtiva edir. Fol turşusu doğuşda yarana biləcək mərkəzi sinir sistemi qüsurlarının və qalın bağırsaq xərçənginin qarşısını almağa kömək edir.
Çox zaman meyvə şirəsini qəbul etmək meyvəni soyub yeməkdən daha praktik olduğu üçün üstünlük verilir. Ancaq bütün portağalın qlisemik indeksi 59 olduğu halda, portağal şirəsində 67 olaraq qarşımıza çıxır. Portağalı şirə olaraq qəbul etdikdə ləti rəndədə qalır, bəlkə də bir portağalı qəbul etmək kifayət edəcək ikən bir neçə portağal şirəsini sürətlə qəbul edirik. Qlisemik indeksi yüksək olan portağal şirəsi sürətlə bağırsaqlardan sorulub qan şəkərini qəfil artırır. Yüksəlmiş qan şəkərinin bir qismi istifadə edilsə də böyük bir qismi bədəndə depolanıb artıq çəkiyə səbəb olur. Daha əvvəl də qeyd etidiyim kimi meyvə şirəsi gündə 1 stəkan, bötüv olaraq qəbul edəcəyimiz sayda meyvedən əldə edilmişmiqdarda və təzə sıxılmış olaraq qəbul edilməlidir.
Alma
Alma vitamin və minerallarla zəngin qidadır, immunitet sistemini gücləndirir. Tərkibindəki C vitamin dərini zərərli xarici təsirlərdən qoruyur, A vitamini isə dəridəki quruluğun qarşısını alaraq qırışların əmələ gəlməsinin qarşısını alır. Həzmi asanlaşdırıb dişləri təmizləyən alma, xüsusən yeməkdən əvvəl qəbul edildikdə hamiləlik dövründə qarşıya çıxan qəbizlik probleminin həllində də köməkçi vasitədir. Bununla yanaşı, almadakı kalorinin miqdarı 50-dir və tərkibində pektin olduğu üçün doyma hissi daha tez yaranır. Aşağı kalorili olduğu üçün çəkinin artmasının qarşısını alır, qandakı şəkər səviyyəsinə və yüksək təzyiqə müsbət təsir göstərir.Tərkibində dəmir olan alma dəmirin bədənə daxil olmasını artıran C vitaminini də ehtiva etdiyindən anemiyaya da faydalıdır.
Salat
Azərbaycan meyvə, tərəvəz ilə zəngin ölkədir. Xüsusilə də hamiləlik zamanı tərkibində bütün rənglər olan salatın bir miqdar limon və zeytun yağı qəbul edilməsi çox faydalıdır.
-kahı; həzmi yüngülləşdirən kahı qəbizliyin qarşısını alır, eyni zamanda əsəb sisteminə müsbət təsir göstərib yuxusuzluğu aradan götürür. Qandakı şəkəri azaldan kahı qanı da təmizləyir. Həmçinin tərkibində süddən çox kalsium olan kahı sümüklərin geclənməsi baxımından da əhəmiyyətlidir.
-kök; betakaroten, C və E vitaminləri kimi antioksidantla zəngin olması baxımından nə qədər çox istifadə edilərsə, xərçəng riskini azaltması barədə işlər də mövcuddur. Eyni zamanda, mədə və bağırsaq qanaxmalarına qarşı qoruyucu rol oynayır. Anemiyaya faydalıdır, sidik qovucudur, eyni zamanda ana südünün əmələ gəlməsinə də müsbət təsir göstərir.
-pomidor; kaliumla zəngindir və az miqdarda tərkibində duz da var. Xərçəng riskindən qoruyur, zehni və fiziki qocalmağı yavaşladan bir tərəvəzdir. Yüksək qan təzyiqinin aşağı düşməsinə kömək edir və bədəndə suyun yığılmasının qarşısını alır.
-xiyar;qəbizliyin qarşısını alır, bədəndə yığılan suyun xaric olmasına kömək edir. Tərkibində kükürd olduğu üçün infeksiyaya qarşı müqaviməti artırır, xolestereli aşağı salır.
-cəfəri; təzə istifadə edilməsi məsləhət görülür. Dəmir, A və C vitamin, kükürd, fosfor və manqan elementləri ilə zəngindir. Həzmi yaxşılaşdırır, sidik ifrazını artıraraq böyrək daşlarının düşməsini asanlaşdırır, görmə qabiliyyətinə və ananın südünün miqdarına da müsbət təsir göstərir. Bir qədər cəfəri gündəlik C vitamini ehtiyacının çoxunu qarşılayır.
Kartof
Həzm sistemini asanlaşdıraraq qəbizliyin qarşısını alan kartof qızardılmış olaraq qəbul edilərsə, artıq çəkiyə səbəb olur. Tərkibində bədənə enerji verən karbohidrat olan kartof C və E vitaminləri və beta karoten ilə zəngindir, hamiləlik yorğunluğuna faydalıdır. Qida dəyərinin böyük bir qismi qabığında olduğu üçün qabıqları soyularaq bişirildikdə C vitaminin 25%-ni itirir. Onun üçün kartofu sobada qabıqlı və ya buxarda, ya da az suda bişirmək lazımdır. Ancaq qlisemik indeksi yüksək olduğu üçün şəkər xəstələri, hamiləlik şəkəri və ya çəki problemi olan hamilələr kartof qəbulunu minimuma endirməlidirlər.
Yüksək temperaturda bişirilən qidalardakı nişastanın həzmi asanlaşır, qan şəkərini daha sürətlə və daha çox yüksəldir. Hətta qidaların əzilmiş olaraq qəbulu bütöv qəbulu ilə müqayisədə qan şəkərini daha sürətlə yüksəldir. Bu səbəbdən kartof püre əvəzinə digər tərəvəzlərlə qaynadılmış olaraq, xüsusilə də qlisemik indeksi aşağı olan salat olaraq qəbul edilməsi məsləhət görülür. Çünki belə olan təqdirdə daha qidalandırıcı və qlisemik indeksi aşağı olacaq.

Kərəviz
Kərəvizdə B vitamin, dəmir var. Qaraciyəri təmizləyir, şəkər, yüksək təzyiq və revmatizmaya faydalıdır. Bununla yanaşı, unutqanlığa və zehni yorğunluğa da faydalıdır. O cümlədən,qanı təmizləyir və dəridəki sızanaqların səngiməsinə kömək edir, böyrəkləri işlədərək sidik ifrazını artırır və çəkinin azalmasına qarşı da təsirlidir.
Kələm
Əsasən süd vəzi və uçaqlıq xərçənginə müsbət təsiri olan tərəvəzlərin önündə gəlir. Tərkibində bol miqdarda B, C, E vitamin, kalium var və kalorisi aşağıdır. Bədəndə yığılan zəhərli madddələrin xaric olmasını təmin edib qan şəkərini aşağı salır.
Gül kələmi
Fosfat və kalium ehtiva edən, tərkibində qadınları süd vəzi xərçəngindən qoruyan “indol-3 karbonal” olan gül kələmi, eyni zamanda, kələmdəki qida dəyərinin çoxuna sahibdir. Zehni yorğunluğu aradan qaldırır. Afrodiziak xüsusiyyətə malikdir.
Brokoli
Bokolidəki beta keratin kökdəkindən daha çoxdur. Beta karoten xərçəngə qarşı güclü döyüşçüdür və əsasən, yemək borusu, mədə, bağırsaq xərçəngi təhlükəsini azaldır. Tərkibində yüksək miqdarda kalsium, kükürd, kalium və selenium maddələri var. Xüsusən də doğuşdan sonrakı mineral və dəmir çatışmazlığını aradan qalxmasına kömək edir. Kök və ya alma şirəsi ilə birlikdə qəbulu da faydalıdır.
Lobya
Təzə lobya aşağı kalorili tərəvəz olduğundan rahatlıqla qəbul edilə bilər. Bədənin işləməsinə, inkişafına kömək edir. Liflə zəngin olduğundan bağırsaqları işlədir, hamilələrdə qəbizliyə müsbət təsir göstərir. Xolesterol səviyyəsinin də aşağı düşməsinə kömək edir.
Yağsız qırmızı ət
Hamiləlikdə və ya doğuşdan sonraqanın əmələ gəlməsi üçün lazım olan dəmir mənbəyidir. Bədəndə yaxşı sorulur. Gündəlik 60-80 qram yağsız ət yemək hamilələr üçün kifayətdir. Ancaq hamiləlik dövründə heç bir halda çiy və ya az bişmiş ət istifadə edilməməlidir, ət çox yaxşı bişməlidir.

Uzm. Dr. HAKAN TANRIVERDİ


Bölmə: Uzm. Dr. HAKAN TANRIVERDİ | Baxış sayı: 4339 | Əlavə edib: hakantv | Teqlər: HAMİLƏLİKDƏ, Hakan, QİDALANMA | Reytinq: 5.0/1
Şərh sayı: 0
avatar
Uzm. Dr. Hakan Tanrıverdi
Cərrah Ginekolog

Op.Dr.Hakan   Tanriverdi
00:11:59
Copyright Cirtdan.TV ©
2013 - 2024

Hosted by uCoz
Cirtdan.TV PORTALI

Saytda yerləşdirilən online istifadə üçün nəzərdə tutulan bütün materiallar tanışlıq məqsədi ilə qoyularaq Video.Az, Youtube.Com , VK.comFreeOnlineGames(FOG) portallarının, o cümlədən Cirtdan.TV-də yerləşdirilmiş digər materialların rəsmi internet səhifələrinin açıq istifadə üçün nəzərdə tutulmuş resurslarından alınmışdır. Materialların məzmunu,keyfiyyəti və onlara yazılan şərhlərə, istifadəçilərin FOTOVİDEO ARXİVə yüklədiyi şəkil və videolara görə sayt və sayt administrasiyası məsuliyyət daşımır.
Webmaster & Designer: Ilkin Hakhverdiyev