Analar ÜÇÜN » 2017 » İyul » 17 » Miomalar
11:42
Miomalar
Miomalar uşaqlığın saya əzələlərində əmələ gələn xoşxassəli şişdir. Miomaların bədxassəli şişlərə çevrilməsi çox nadirdir, ancaq 2-5/1000 nisbətində sarkomatoz degenerasiya ola bilər. Bu cür miomalar əllə müayinə zamanı yumşaq olmaları, USM-də homogen görünmələri ilə seçilir. Miomalar qadının ən çox rast gəldiyi xoş xassəli şiş olaraq qəbul edilir. Yaş artdıqca rast gəlinmə tezliyi də artır, yaşı 20-35 arası olan qadınların 20%-i, yaşı 35-dən yuxarı olan qadınların 40%-də mioma vardır. Miomaların əmələ gəlməsində və böyüməsində əsas səbəb kimi hormonlar və genetik faktorlar göstərilə bilər. Dəqiq olaraq bilinir ki, estrogen və progesteron hormonları ilə miomaların böyüməsi arasında əlaqə vardır. Estrogen hormonu, xüsusilə, menopauzaya yaxınlaşan perimenopozal qadınlarda nəzərə çarpaçaq dərəcədə yüksəlir və elə bu dövrdə yaşı 40-45 arası olan qadınlardakı miomalarda sürətli böyümə müşahidə edilir. Bəzi ailələrdə miomaların tez-tez rast gəlinməsi genetik meyilliliyin əlaməti ola bilər.

Miomaların rast gəlinmə tezliyi erkən aybaşı olmağa başlayanlarda, sonsuzluqda – doğuşu olmamışlarda, ilk doğuşu gec yaşlarda olanlarda yüksəkdir. Bədən ağırlığının artması ilə miomaların müşahidə edilmə tezliyi arasında da bir əlaqənin olması təsbit edilmişdir. Bununla yanaşı, qohumlarında mioma olanlarda miomanın yaranma riski 2,5 dəfə artıqdır.

Uşaqlıqdakı miomalar
-Submukoz mioma (uşaqlığın daxili təbəqəsinə doğru böyüyən) ölçüsündən asılı olmayaraq anormal vaginal qanaxmaya, aybaşının uzanmasına səbəb ola bilər. Bu cür miomalar bəzən lifləri ilə uşaqlığın daxili boşluğuna və daha sonra servikal kanaldan (uşaqlıq boynundan) vaginaya doğru sallana bilər. Bu vəziyyət “mioma instatus nascendi” olaraq adlanır.
-İntramural (uşaqlıq divarı daxilində yerləşmiş olanlar)
-Subseroz (uşaqlıqdan kənara qarın boşluğuna doğru böyüyənlər); bu cür miomalar nə qədər böyük olursa, olsun, şikayətə səbəb olmurlar.

Miomalarla bağlı ən vacib dəyişiklik bir çox miomada olan degenerasiyadır. Xüsusilə, tez böyüyən miomaların qan təchizatı pozulur, beləliklə, qidalanması pozulan miomalar “çürüməyə” başlayır. Elə bu vəziyyətdə əmələ gələn dəyişkənliyə degenerasiya deyilir. Sonrakı mərhələdə degenerasiya olan miomalarda nekrozla bağlı olaraq ikincili infeksiyalar əmələ gələ bilər. Bu degenerasiyalar hialinoz, miomatoz, septik, atrofik, nekrotik, kalsiumlu, kistoz, yağlı, karneoz (qırmızı), sarkomatoz formasında sıralana bilər.

Miomalar, əsasən, şikayətə səbəb olmur və fərqli səbəblərlə aparılan qasıq və ya ginekoloji müayinədə müşahidə edilə bilər. Əllə müayinə zamanı uşaqlıq böyük və nahamar olaraq ələ gəlir. Miomalar vaginal və ya abdominal ultrasəs müayinəsində də çox rahat nəzərə çarpır. USM-də uşaqlığın əzələ toxumasının exosu normal qəbul edilir. Mioma düyününün exosu uşaqlığın əzələ toxumasına görə daha aşağı sıxlıqda olur. MR və BT degenerasiyaları, xüsusilə də bəd xassəli degenerasiyaları müəyyənləşdirməkdə faydalı deyil. Miomalar 4-6 ayda bir yoxlanmalı, böyüməsindəki və şikayətlərdəki dəyişiklik öyrənilməlidir. Ancaq bəzən miomaları dəyərləndirmək və ya yumurtalığa aid kütlələrdən fərqləndirmək üçün BT və MRT kimi üsullara da ehtiyac duyula bilər. Histereskopiya ilə submukoz və ya içi boş miomaların endometrial poliplər ilə fərqi ayırd edilə bilər.

Miomalarla bağlı şikayətlər miomanın yerindən, böyüklüyündən və miomaların sayından asılıdır. Miomaların ən çox rast gəlinən əlamətləri:

-anormal vaginal qanaxmalar; ən çox rast gəlinən əlamətlərindən biridir. Daha çox uzanan aybaşı qanaxması formasındadır, həddindən çox və uzun davam edən aybaşı qanaxmaları olur. Ən çox endometriuma, yəni hər aybaşı dövründə qanayaraq tökülən uşaqlıq daxilindəki toxuma, təzyiq göstərən “submukoz” adlanan miomalar qanaxma miqdarını artırır. Bununla yanaşı, intramural miomalar, xüsusilə perimenopozal dövründə estrogenin artmasından asılı olaraq, sürətlə böyüyərək qanaxmaya səbəb olur. Artan və uzanan qanaxma anemiyaya, anemiya da ürək aritmiyasına, halsızlığa gətirib çıxarır.

- aybaşıdan asılı olan, yaxud olmayan ağrı, cinsi əlaqə zamanı ağrı; Bu cür hallarla qarşılaşanların 2/3-si ilk öncə qasıq ağrısından, daha sonra isə dismenoreyadan (ağrılı aybaşı) şikayət edirlər. Miomalarla bağlı ağrı, adətən, miomada degenerasiya varsa və ya uşaqlığa bağlı olan miomaların bu bağın ətrafında dönməsi ilə meydana gəlir. Hər hansı bir orqana təzyiq göstərərək ağrıya səbəb olması nadir rast gəlinir. Bəzən endometrium boşluğunda yerləşən və uşaqlıq boynundan vaginaya doğru sallanan miomalar şiddətli ağrı və qanaxma yaradır.

-Qasıqda, qarında şişkinlik, təzyiq, dolğunluq hissi; həddindən artıq böyüyən miomalar ətraf toxuma və orqanlara təzyiq göstərərək simptomlarla özlərini büruzə verirlər. Xüsusilə arxaya doğru, pelvik təbəqəyə doğru böyüdükdə qalın bağırsağa təzyiq göstərərək qəbizliyə və ya nəcisin çətinliklə xaric olmasına səbəb olurlar. Uşaqlığın ön divarında yerləşmiş miomalar isə sidik kisəsinə təzyiq göstərərək sidik yolları problemlərinə gətirib çıxarır.
-sonsuzluq;
-təkrarlanan hamiləlik itkiləri və erkən doğumdur.

Miomaların əsas müalicəsi cərrahi müdaxilədir, ancaq mioma diaqnozu qoyulan xəstənin şikayətləri, yaşı, uşaq sahib olma istəyi, sosial vəziyyəti dəyərləndirilib digər müalicə alternətivlərinə də üstünlük verilə bilər.

Miomaya bağlı şikayəti olmayıb, ancaq mioması təsbit edilən hallarda narahat olmaq lazım deyil. Sadəcə bütün qadınlar 6-12 ayda bir, müntəzəm olaraq, ginekoloji müayinələrini etdirməlidirlər. Ancaq anormal qanaxmalar zamanı əgər qadının yaşı 40-dan aşağıdırsa və qanaxma dərman müalicəsinə cavab vermirsə, 40 yaşdan sonra dərman müalicəsi sınaq edilmədən əvvəl uşaqlıq daxili təbəqənin toxumasından nümunə alınmaldıdır. Hər halda 40 yaşdan sonra bütün anormal qanaxmalarda diaqnoz-müalicə məqsədli abort və patoloji tədqiqatların aparılması vacibdir.

Miomalar zamanı cərrahiyədən başqa digər müalicə seçimləri bunlardır:

-Gonadotropin releasing Hormon (GnRH) analoqları (Lucrin depot; Zoladex depot,vb): Bu dərmanlar aylıq və ya 3 aylıq istifadə edilə bilər, təsir göstərdiyi müddətdə miomaların həcmi balacalaşır, ancaq bu təsir davamlı deyil. Dərmanların təsiri keçdikdən sonra miomalar əvvəlki həcminə qayıdır. Bunun üçün bu dərmanları müalicə məqsədilə deyil, müalicəyə dəstəkləyici olaraq qəbul etmək daha doğrudur. Ən əsas istifadə məqsədi cərrahiyədən əvvəl bu dərmanların köməkliyi ilə miomaları balacalaşdırıb əməliyyat zamanı qan itkisini azaltmaqdır. Ancaq bu zaman mioma ilə uşaqlıq arasındakı sərhəd ortadan qalxdığı üçün miomanın cərrahi olaraq çıxarılması çətinləşir və uşaqlığa zərər vermə riski artır. Bəzən də cərrahi müdaxilə olmasın deyə menopauzaya girmə dövründə olanları daha erkən menopauzaya girməsini təmin edirlər, ancaq bu da hər zaman effektli olmur. Yəni bu iynələrlə miomalar kiçilib yox olmurlar. Bununla yanaşı, istifadə edildikdə süni menopauza olduğundan və bu səbəbdən sümük əriməsi, istilikgəlmə bəzi şikayətlər olduğuna görə 6 aydan çox istifadəsi məsləhət görülmür. Bir digər məsələ isə bu dərmanların bahalı olmasıdır. Nəticə olaraq bahalı olması, qanaxmanı azaldan digər üsulların olması və cərrahiyəni çətinləşdirib uşaqlığa zərərvermə riskini artırdığı üçün həkimlər tərəfindən müalicə alternativ olaraq qəbul edilmir.

-Levonorgestrel ifraz edən bətndaxili spiral (Mirena-Hormonlu Spiral) 3 aylıq hamiləlik ölçüsündən kiçik miomalarda aybaşı dövrü qan itkisini əhəmiyyətli dərəcədə azaldır. Bunun üçün cərrahi müdaxilə alternativ olaraq xəstələrə məsləhət görülməlidir. Ancaq xəstələrə ilk 3 ay ərzində ləkələnmələr formasında qanaxmaların ola biləcəyi, aybaşı qanaxmalarının azalacağı və hətta amenoreya (aybaşının olmaması) ola biləcəyi barədə məlumat verilməlidir. 1 ilin sonunda xəstələrin 40%-də aybaşı tamamilə kəsilir. Qeyri-müntəzəm ləkələnmə formasında qanaxmalar, baş ağrısı, süd vəzində həssaslıq, şişkinlik, və dəri reaksiyaları müşahidə edilə bilər, ancaq bir müddətdən sonra yox olurlar. İstifadə müddəti beş ildir və əhəmiyyətli üstünlüklərindən biri odur ki, çıxarıldıqdan dərhal sonra həmiləlik planlaşdırıla bilər.

-hormon müalicəsi: aşağı doza doğum kontrol həbləri və ya aybaşı dövrünün ikinci yarısında istifadə edilə bilən progesteron tərkibli dərmanlar miomanın ölçüsünün böyüməsinə səbəb olmadan aybaşı dövründəki qan itkisini əhəmiyyətli dərəcədə azaldır və anemiyanın qarşısını ala bilər. Təbii ki, bu dərmanlar da miomanı cərrahi əməliyyat kimi yox edəcək alternativlər deyil, ancaq cərrahiyəyə qədər qanaxmanı azaldıb vaxt qazandıra bilər.
Miomalar üçün cərrahi müalicə alternativləri:

-Histerektomiya (uşaqlığın əməliyyatla çıxarılması): uşaq istəməyən, menopauza dövrünə yaxınlaşmış və əlamətlər göstərən qadınlar üçün dəqiq müalicə formasıdır. Histerektomiya qarın yolu ilə açıq-qapalı, laparoskopik və ya vaginal yolla aparılır. Xəstənin yaşından asılı olaraq, yumurtalıqlar götürülmədən menopauzaya girməsinin də qarşısı alınır. Sürətli böyüyən, xüsusilə də menopauzada böyüyən miomaların bəd xassəli olma riski səbəbilə uşaqlığın götürülməsi məsləhət görülür.

-Miomaektomiya: Uşaq sahibi olmaq istəməsələr də, bir çox qadın uşaqlığını mioma səbəbi ilə götürülməsini istəmirlər. Qadınların bu istəkləri hörmətlə qarşılanmalı və bütün müalicə seçimləri aydınlaşdırılmalıdır. Qarın nahiyəsindən laparoskopiya və ya açıq əməliyyat ilə aparılan miomaektemiyada məqsəd yalnız miomaların çıxarılmasıdır. Xəstə reproduktiv qabiliyyətini qorumaq istəyirsə, miomaektomiya edilməlidir. Ancaq heç vaxt xəstəyə əməliyyatla bağlı təminat verilmir, bəzi vəziyyətlərdə miomanın götürülməsi zamanı yarana biləcək probelmlərlə bağlı uşaqlıq bütövlükdə və ya bir qismi götürülə bilər. Digər bir məsələ isə miomaların təkrarlanmasıdır. Yalnız miomanın əməliyyatla götürülməsindən sonra qısa müddətdə yeni bir mioma əmələ gələ bilər. Bunun üçün uşaq sahibi olmaq istəməyən , ancaq uşaqlığının da götürülməsini istəməyən qadınlara bu cür riskin olduğu dəfələrlə izah olunmalıdır.

Cərrahiyə üsulu ilə yanaşı digər müalicələr
Uşaq sahibi olmaq və uşaqlığının götürülməsini istəməyən bir çox qadın üçün alternativ, ancaq hələ də çox geniş yayılmamış müalicələr möcuddur.
Uterin Arter Embolizasiyası (UAE): Qasıq nahiyəsindən keçən əsas damara kateterlə girib uşaqlığı qidalandıran damarlara tıxayıcı agent verilir. Bu müdaxilədən sonra miomaya gedən qan axının dayanması və azalmasından asılı olaraq ağrı ola bilər. 3 ay sonra xəstələrin qanaxma ilə bağlı şikayətlərinin 83%, ağrılı aybaşıların isə 76% azaldığı müşahidə olunmuşdur. Reproduktivliyini itirmək istəməyən qadınlara məsləhət görülə bilər.

-Maqnit rezonans: Hamiləlik planlaşdıran qadınlara məsləhət görülmür. Bu üsulun tətbiqindəki əsas məqsəd mioma toxumasındakı zülalın denaturasiyası və hüceyrə ölümünü təmin etməkdir.

İndi isə hamiləlik zamanı mioma mövzusuna toxunaq. Bütün hamiləliklərin təxminən 1%-4%-də mioma müşahidə edilir. Və bu hamilələrin yalnız 10%-də miomalarla bağlı problem yaranır. Problemin yaranma səbəbi miomaların yerləşdiyi yerlə bağlıdır. Subseroz adlanan və uşaqlığın daxili boşluğu ilə əlaqəsi olmayan və ya xaricə doğru böyümüş miomalar adətən problem yaratmır. Hamiləlik zamanı miomaların böyüdüyü fikri söylənsə də, hamiləliyin miomalar üzərində dəyişkən və təxmin edilməyən təsiri də vardır. Bəzi miomalar böyüdüyü halda, bir qisminin dəyişmədən qaldığı, hətta kiçilməsi də müşahidə edilir. Miomalı hamilələrin 70%-də miomaların eyni qaldığı təsbit edilsə də, 5% xəstədə miomalarda sürətli heceyrə ölümü, degenerasiya ola bilər. Hamiləlik zamanı ən çox rast gəlinən degenerasiya qırmızı (karneoz) degenerasiyadır və ən çox hamiləliyin 20-22-ci həftəsində yaranır, sancılara, erkən doğuma təkan verən ağrılara səbəb olur

Nadir hallarda yüngül qanaxma ola bilər. Əgər ağrı degenerasiya ilə bağlıdırsa, ağrıkəsici və yataq istirahəti və bol maye qəbulu ilə müalicə edilə bilər. Hamiləlikdə böyük olmayan miomaların nəzərə çarpan zərəri olmur. Ancaq böyük miomalar körpənin başının doğum kanalına girməsinin qarşısını alır və ya körpənin dönməsinə mane olaraq doğum kanalına tərs və ya yan girməsinə və bu da qeysəriyəyə səbəb olur. Miomalar, eyni zamanda uşaq salma və erkən doğum riskini artıra bilər. Bununla yanaşı, mioma səbəbilə körpənin cifti (eşi) uşaqlığın ağzını bağlayacaq formada yerləşə bilər ki, bu da öz növbəsində qeysəriyyə ehtimalını və doğumdan sonrakı qanaxma riskini artırır. Bununla yanaşı, endometriuma yaxın olan miomalara doğru böyüyən cift doğum ağrıları başladıqda daha tez ayrıla bilər və ya doğumdan sonra daha çətin ayrıla bilər. Hamiləlikdən əvvəl açıq və ya laparoskopik miomaektomiya əməliyyatı olanlarda doğum gərginliyi-ağrıları arasında az ehtimal da olsa, uşaqlığın yırtılması riskinin olmasını bilmək də faydalı olardı.

Anaların çoxu qeysəriyyə əməliyyatı zamanı miomaların da götürülməsi tərəfdarıdırlar. Ancaq qeysəriyyə ərzində uşaqlıqda qanaxmanın olması və bununla bağlı olaraq çıxarılan miomanın yerindən qanaxmanı dayandırmaq mümkün olmadıqda, hətta bu səbəblə uşaqlığın götürülməsi riski olduğuna görə miomanın götürülməsi məsləhət görülmür. Lakin mioma uşaqlığın xarici divarında və liflidirsə, qeysəriyyə əməliyyatı zamanı götürülə bilər.

İlk dəfə hamilə qalan və həkim müayinəsi zamanı miomasının olduğu aşkarlanan hamilə qadına həkimin yanaşması necə olur? İlk öncə əhəmiyyətli olan hamiləliyin olmasıdır. Bu səbəbdən gələcək ana ilə qarşılaşması mümkün olan bütün problemləri paylaşıb, risklərə baxmayaraq hamiləliyin davam etdirilməsi ilə bağlı razılıq alınır. Bu cür hamilələr daha tez-tez həkim müayinəsində olmalıdırlar. Doğuş mərhələsinə gəldikdə isə əgər tibbi problem yoxdursa, normal doğum məsləhət görülür. Ancaq bunu da bilmək lazımdır ki, qeysəriyyə əməliyyatında da normal doğumda da risklər mövcuddur. Doğumdan sonrakı ilk 48 saat çox vacibdir. Uşaqlığın gərginləşərək qanaxma miqdarını azaldan mexanizmaların miomalar səbəbi ilə aktivləşə bilməməsi meydana gələcək “atoniya qanaxmaları” ilə bağlı tədbir görülməlidir.

Miomaları olan və hamiləliyini problemsiz olaraq tamamlayan xəstələrdə ən az 3 ay miomanın kiçilməsi üçün gözləmək lazımdır. Əksər hallarda 3-6 aydan sonra əvvəlki ölçüsünə qayıdır. Ancaq mioma kiçilmirsə və ya müalicəyə cavab vermirsə, o halda miomaektomiya planlaşdırılmalıdır. Əgər mioma ilə bağlı hər hansı bir problem olmadığı təqdirdə cərrahiyə doğumdan sonra ən tez 6-cı ayda planlaşdırıla bilər.

Uzm. Dr. HAKAN TANRIVERDİ
© http://cirtdan.tv/


Bölmə: Uzm. Dr. HAKAN TANRIVERDİ | Baxış sayı: 4906 | Əlavə edib: cirtdan-milli | Teqlər: Hakan, Miomalar | Reytinq: 3.7/3
Şərh sayı: 0
avatar
Uzm. Dr. Hakan Tanrıverdi
Cərrah Ginekolog

Op.Dr.Hakan   Tanriverdi
00:10:20
Copyright Cirtdan.TV ©
2013 - 2024

Hosted by uCoz
Cirtdan.TV PORTALI

Saytda yerləşdirilən online istifadə üçün nəzərdə tutulan bütün materiallar tanışlıq məqsədi ilə qoyularaq Video.Az, Youtube.Com , VK.comFreeOnlineGames(FOG) portallarının, o cümlədən Cirtdan.TV-də yerləşdirilmiş digər materialların rəsmi internet səhifələrinin açıq istifadə üçün nəzərdə tutulmuş resurslarından alınmışdır. Materialların məzmunu,keyfiyyəti və onlara yazılan şərhlərə, istifadəçilərin FOTOVİDEO ARXİVə yüklədiyi şəkil və videolara görə sayt və sayt administrasiyası məsuliyyət daşımır.
Webmaster & Designer: Ilkin Hakhverdiyev