||
Analar ÜÇÜN » 2016 » Dekabr » 12 » Hamiləlik və yüksək təzyiq
19:35
Hamiləlik və yüksək təzyiq
Preeklampsiya damarın endotelinin zədələnməsinin nəticəsi olaraq ortaya çıxan xroniki, yəni bütün orqanizmə təsir edən bir xəstəlikdir. Hamiləliyin ikinci yarısında ortaya çıxan yüksək təzyiq və sidikdə zülalın xaric olmasının (proteinuriya) artmasıyla xarakterizə olunur. Endotel bədənin hər yerində olur və ona görə də preeklampsiya bədənin hər yerinə yayılan xroniki bir mənzərədir. Belə ki, inkişaf etmiş ölkələrdə hamiləliklə əlaqəli ana ölümlərinin səbəbinin 15-20%-i preeklampsiyadır. Hər il dünyada, təxminən, 50000 qadın və 900000 uşaq preeklampsiyadan həyatını itirir. Anadan körpəyə qanla qidanın və oksigenin keçməsi plasenta vasitəsilə olur. Plasentanın yaranması qarışıq mexanizmdir. Plasentanın yaranması zamanı hər şey qaydasında gedərsə, hamiləlik sağlam keçir, ancaq problem ortaya çıxarsa, ana və bətnindəki körpə mənfi təsirlərə məruz qalır. Preeklampsiya bunlardan biridir.
Preeklampsiya iki əsas pozğunluqla əlaqədardır: birincisi, plasentanın yaranmasındakı problem, ikincisi isə çox rast gəlinən, endotelin zədələnməsidir. İkimərhələli mexanizmə görə; genetik faktorlar, immunitet sisteminin uyumsuzluğu və ya birincili trofoblast defekti plasentanın yaranmasında problemə səbəb olur. İkinci mərhələdə də plasentanın yaranmasındakı problem plasentadan ifraz olunan maddələrin ananın qanına keçməsi endotelin zədələnməsinə səbəb olur. Endotelin zədələnməsi də preeklampsiyanın ortaya çıxmasına səbəb olur.
Hamiləlikdə yüksək təzyiqlə müşayiət olunan xəstəliklər iki qrupa bölünür:
1-xroniki hipertoniya; hamiləlikdən əvvəl davam edən yüksək təzyiq,
2-hamiləliyin yaratdığı yüksək təzyiq
Hamiləliyin yaratdığı yüksək təzyiq öz daxilində aşağıdakılara ayrılır:
-hamiləlik hipertoniyası – hamiləliyin 20-ci həftəsindən sonra qan təzyiqi yüksəlir, ancaq proteinuriya olmur,
-Yüngül preeklampsiya – hamiləlik hipertoniyasına proteinuriyanın (0.3 qr/l-dən çox) əlavə olunması
-Ağır preeklampsiya – preeklampsiya olan hallarda aşağıdakılardan ən az birinin təsbit edilməsidir.
a-yataq rejimindəki hamilə qadının 6 saat aralıqla ölçülən kiçik təzyiqin (diastolik)≥110 mmHg olması
b-24 saatlıq sidikdə 3 və ya 5 qr/l-dən yüksək proteinuriya olması
c-sidik azlığı (oliquriya, şiddətli baş ağrısı, şüur bulanıqlığı kimi beyin və ya görmə pozğunluqlarının olması,
d-ağciyər ödemi, sianoz, qarın ağrıları, oliquriya
e-HELLP sindromu (hemoliz, qaraciyər fermentlərində artım, trombositopeniya).
-hamiləliyin ağırlaşdırdığı xroniki hipertoniya – xroniki hipertoniyaya preeklampsiyanın əlavə olunduğu hallar
-eklampsiya – preeklampsiya olan xəstədə qıcolmanın əlavə olunması.
Ana və bətnindəki körpəyə təsirlərini nəzərə alaraq, hamiləlik hipertoniyası və yüngül preeklampsiya “yüngül qrup”, ağır preeklampsiya, həmiləliyin ağırlaşdırdığı xroniki hipertoniya və eklampsiya isə “ağır qrup” olaraq dəyərləndirilir.
Son illərdə preeklampsiya, əsas pozğunluqlar nəzərə alınaraq kliniki əlamətlərin ortaya çıxma həftəsinə görə erkən (34-cü həftədən əvvəl) və gec (34 həftədən sonra) hamiləlik həftəsində ortaya çıxan preeklampsiya olaraq qruplaşdırılır. Preeklampsiyada olan pozğunluq hamiləliyin əvvəlindən etibarən mövcud olur, ancaq kliniki əlamətlər (hipertoniya və proteinuriya) hamiləliyin sonrakı həftələrində ortaya çıxır. Əsas pozğunluq nə qədər ağır olarsa, kliniki əlamətlərin ortaya çıxma həftəsi də o qədər erkən olur. Düzgün yaranmayan bir plasenta ilə hamiləlik daha uzun müddət davam edə bilmir, ana və ya bətnindəki körpəyə narahatlıq verir. Həqiqətən də 32-ci həftədən tez doğuş məcburiyyəti olan preeklampsiya hadisələrində ana ölümləri 20 dəfə çoxdur. Erkən hamiləlik həftələrində ortaya çıxan preeklampsiya mənzərəsi ana və/və ya bətnindəki körpəni risk altında qoyan və preeklampsiyanın səbəblərində göstərildiyi kimi plasentanın yaranmasındakı problemin nəticəsi olaraq ortaya çıxan mənzərədir. Bunun əksi olaraq gec hamiləlik həftəsində (xüsusilə 36-cı həftədən sonra) ortaya çıxan preeklampsiya plasentanın düzgün yaranmasına baxmayaraq, ananın artıq çəkili olması, şəkər xəstəliyi, yaşın çox olması və ya çox embrionlu hamiləlikdən asılı olaraq, ananın hamiləliyə verdiyi normaldan fərqli reaksiyasının nəticəsi olaraq yaranır.
-Yüngül qrup; Hamiləlik hipertoniya olan hadisələrin bir qismində hamiləlik həftəsilə əlaqəli olaraq preeklampsiya yarana bilər. 30-cu həftəsindən əvvəl diaqnoz qoyulanların təxminən 50%-də olur. Yüngül qrupda ana və bətnindəki körpə baxımından nəticələr normal təzyiqli hamilələrdəki kimi olur, perinatal itki, erkən doğum və ciyəsi ayrılmış plasentanın müşahidə edilmə tezliyi normal təzyiqi olanlardakından fərqli deyil. Ancaq qeysəriyyə ilə doğuşların sayı yüksəkdir. Yüngül preeklampsiyada qıcolmanın olması ehtimalı 1%-dən azdır. Bu qrupun əsas prinsipləri;
-Əsas problem yüngül olur
-Ana üçün həyati təhlükə yaratmadığına görə hamiləliyin davam etdirilməsi ana üçün risk daşımayaraq körpə üçün vaxt qazandırır.
-Yataq rejimi tətbiq edilmədən hamiləliyin nəzarəti ilə yataq rejimi və xəstəxanada nəzarət edilməsi arasında fərq müşahidə edilməmişdir. Eyni zamanda, davamlı yataq rejiminin və xəstəxanada nəzarətin damar tıxanıqlığı, xəstəxana infeksiyaları kimi riskləri var.
-antihipertenziv müalicəsinin faydalarınımüəyyənləşdirmək mümkün olmamışdır. O cümlədən, yüngül qrupda antihipertenziv müalicəsinin faydası olmamaqla yanaşı, qan təzyiqini maskalayaraq ağır preeklampsiya diaqnozunun da qarşısını ala bilər.
Bəs bu cür hamilələrə necə nəzarət edilməlidir?
-Evdə hər səhər təzyiq ölçülməli,
-Həftədə 1 və ya 2 dəfə sidikdə proteinuriya yoxlanılır. Evdə sadə dipstiklərlə (səviyyə göstəricisi) də edilə bilər.
-Həftədə 1 dəfə hemoqram, sidik turşusu, ALT, AST biluribin yoxlanılmalıdır.
-Ana bətnindəki körpənin inkişafı və vəziyyəti NST, DOPPLER, BİOFİZİK PROFİL ilə yoxlanılır. O cümlədən, amniotik mayenin miqdarı da nəzarət altında saxlanılmalıdır. Körpənin vəziyyətindəki hər hansı pozğunluqda doğuş dərhal reallaşdırılmalıdır.
-Hamiləlik həftəsi 38-ə yaxınlaşıbsa, doğuş üçün ən uyğun zaman olaraq qəbul edilir.
-Normal vaginal doğuş üstünlük verilən doğuş formasıdır.
-Doğuşdan 6 həftə sonra qan təzyiqi normallaşmırsa, gənc analar xroniki hipertoniya baxımından mütəxəssisə istiqamətləndirilməlidirlər.
-AĞIR QRUP
Antihipertenzivlər: ana ölümlərinin ən mühüm səbəbi ağır hipertoniyadır. Təzyiq müalicəsindəki məqsəd qan təzyiqini etibarlı, qəbul edilən normada (sistolik 160 mm Hg-dan, diastolik 110 mm Hg-dan aşağı) saxlayıb yüksək təzyiqlə əlaqəli ananın beynində (serebrovaskulyar) zədə və konjestif ürək çatışmazlığının yaranmasının qarşısını almaqdır. Müalicə ərzində ananın beyninin qanla qidalanması, uşaqlıq və plasentaya gedən qanın səviyyəsini normada saxlanılmalıdır. Qan təzyiqinin ani yüksəlməsi (diastolik >120 mm Hg) beynə qansızma, böyrək çatışmazlığı, konjestif ürək çatışmazlığı və plasenta dekolmanına (ciyənin ayrılması) səbəb ola bilər. Preeklampsiyada qarşımıza çıxan hipertoniya kəskin, ani hipertoniyadır. Tətbiq ediləcək antihipertenziv müalicə də kəskin antihipertenziv müalicə olmalıdır. Antihipertenziv müalicədə istifadə edilən dərmanlar arasında nəzərə çarpacaq üstünlük müaşhidə edilməmişdir. Hidralazin, labetalol və natrium nitroprussid; yüksəlmiş qan təzyiqinin kəsərli müalicəsində istifadə edilən və damar yolu ilə verilə bilən antihipertenzivdir. Peroral qəbul edilən ən təsirli dərman isə nifedipindir. Bəs antihipertenziv müalicəyə başlamaq üçün hansı kriteriyaları istifadə edə bilərik; Doğuşdan əvvəl və ya doğuşda əgər təzyiq ən az 1 saat 180/110-dursa, ya da ən az yarım saat 200/120-dirsə, antihipertenziv başlanılmalıdır. Ancaq trombositopeniya və ya konjestif ürək çatışmazlığı varsa, təzyiqin 160/105 olması müalicəni başlamaq üçün əsasdır. Zahıda isə 160/105-dən yuxarı təzyiq müalicəyə başlamaq üçün kifayət edir.
Antikonvulsant; Ağır preeklampsi hadisələrində baş ağrısı, xüsusilə gözün arxa hissəsində ağrı, görmə pozğunluqları (bulanıq və ya ləkə tərzində görmə), qaraciyər nahiyəsində ağrı, şüur bulanıqlığı, qan təzyiqində ani, ya da nəzarət altında saxlamaq mümkün olmayan yüksəlişlər kimi əlamətlər qıcolmanın xəbərçisi, ya da ilkin əlamətlər olaraq qəbul edilib qıcolma profilaktikası edilməlidir. Bu məqsədlə, 4-6 qr MgSO4 damardan verilməli, daha sonra isə saatda 2-3 qr gedən serum içərisində damardan verilməlidir. Doğuşdan əvvəl, antenatal dövrdə MgSO4 müalicəsi həftələr boyu davam edən müalicə deyil və adətən 24 saatdan çox MgSO4 müalicəsinin davam etdirilməsinin mənası yoxdur. Əgər bu müalicəyə ehtiyac duyulacaq şərtlər davam edirsə, qısa müddətdə doğuş reallaşdırılmalıdır. Maqnezium sulfat (MgSO4) konvulsiya (qıcolma) profilaktikasında digər dərmanlarla müqayisədə daha təsirlidir. MgSO4 ağır preeklampsiyada konvulsiya profilaktikası, eklampsiyada konvulsiya müalicə və təkrarlanmasının qarşısını almaq üçün istifadə edilir. Konvulsiyaların qarşısını almaqla yanaşı ana və ya bətnindəki körpədə yarana biləcək problemlərin və ya ölümlərin azaldılması MgSO4 müalicəsində nəzərdə tutulan əlavə faydalardır.
Ağır preeklampsiya ana və bətnindəki körpənin sağlamlığını təhlükəyə atan çox ciddi və reanimasiya şəraitini labüd edən bir vəziyyətdir. Müalicəsi ,əsasən, doğuşun həyata keçirilməsi olsa da, doğuşdan sonra ananın vəziyyəti düzəlməyə də bilər. Bu baxımdan ananın kliniki və laborator vəziyyətinin bütün mərhələlərinin ortaya qoyulması və ana ilə körpə üçün müsbət nəticələrin əldə edilməsi üçün bu cür hamilələrin bir qrup həkim və uyğun şəraitin olduğu mərkəzlərdə nəzarət altında saxlanmaları daha məqsədəuyğundur. Ağır preeklampsiyanın dəqiq müalicəsini doğuş olaraq qeyd etmişdik. Ancaq erkən hamiləlik həftəsində (32-34-cü hamiləlik həftəsindən əvvəl) körpəyə vaxt qazandırmaq üçün konservativ yanaşma alternativləri də müzakirə edilir. Konservativ yanaşma tətbiq edilən hallarda qazanılan müddət 1 ilə 89 gün (orta hesabla 10 gün) arasında dəyişir, ancaq ananın həyatı da bu zaman təhlükəyə atılır. Bu yanaşmanın münasibliyi barəsində kifayət qədər məlumat yoxdur.
-Maye balansının qorunması; Ağır preeklampsiyada dövr edən mayenin həcmi azalır. Damardan veriləcək dərmanlar, mayelər avtomatik nəzarətli damla texnologiyaları ilə verilməli və hamilə qadının hemodinamik vəziyyəti maye yüklənməsi və ağciyər ödemi baxımından nəzərə alınmalıdır.
-Kortikosteroid tətbiqi; 34-cü hamiləlik həftəsindən əvvəl ağciyərin inkişafı üçün anaya kortikosteroidin tətbiq edilməsi faydalıdır. (2 mq əzələ daxilinə 12 saat ara ilə 2 dozada)
-Doğuşun reallaşdırılması;
Ananın ümumi vəziyyəti yaxşılaşdıqdan sonra doğuş reallaşdırılmalıdır. Doğuşun forması hamiləlik həftəsi, uşağın gəliş forması, körpənin ürək döyüntülərinin vəziyyəti və uşaqlıq boynuna görə müəyyənləşdirilir. Uşaqlıq boynu uyğundursa, körpənin ürək döyüntülərini daimi izləməklə, induksiya, yəni dərmanla ağrıların başlanılması çalışılmalıdır. Ağır preeklampsiya qeysəriyyəni labüd edən vəziyyət deyil, ancaq əsasən uşaqlıq boynu uyğun deyilsə, doğuş, adətən, qeysəriyyə ilə həyata keçirilir. Bu cür hamilələrə anestetik yanaşma xüsusi bilik təcrübəsi tələb etdiyi üçün təcrübəli və ixtisaslaşmış anesteziya həkimlərinə ehtiyac duyulur.
-EKLAMPSİYA; Eklampsiya, hamiləliyin həyatı təhlükəyə atan bir komplikasiyası və ana ölümlərinin mühüm səbəblərindən biridir. Eklampsiya, preeklampsiya olan hamilələrdə doğuşdan əvvəl və ya sonra epilepsiya və ya digər konvulsiya səbəblərindən asılı olmadan yaranan konvulsiya və ya koma olaraq təyin edilir. Eklampsiyanın rast gəlinmə tezliyi 1%-dən azdır. Eklampsiyada yaranan konvulsiyaların səbəbi məlum olmamaqla yanaşı, beyin ödemi, beynin qanla qidalana bilməməsi, qanaması və ya beyin damarlarının müvəqqəti olaraq sıxılıb qanın axınına mane olması kimi faktorlarla əlaqələndirilir. Eklampsiyadan əsas ölüm səbəbləri beyin qanaxması, ağciyər ödemi, böyrək, qaraciyər və tənəffüs çatışmazlığıdır. Bu səbəbdən eklampsiya təcili müalicə tələb edir. Müalicə mərhələləri aşağıdakılardır.
1-Ananın həyati funksiyaları dəstəklənməlidir; Xəstənin şok olması zamanı özünə xətər yetirməsinin qarşısını alan tədbirlərin görülməsi və lazım olan oksigeni alması üçün tənəffüs yolunun açıq saxlanılması lazımdır. Şok keçirərkən dişlər kilidlənir və xəstə dilini dişləyə bilər. Bunun qarşısını almaq, habelə, tənəffüs yolunu açıq saxlamaq üçün “airüay” və ya bu məqsədlə taxta və ya sərt kauçuk alət dişlərin arasına yerləşdirilməlidir. Ağız suyunun və qusmanın tənəffüs yolunu tıxamasının qarşısını almaq üçün qol üstə uzadılmalıdır. Sonra ağızda yığılan köpüklü və qanlı ifrazatlar təmizlənilməlidir. O cümlədən, xəstəyə dərhal kateter qoyulmalı və sidik zondu taxılmalıdır.
2-Konvulsiyaların nəzarət altında saxlanılıb təkrarlanmasının qarşısının alınması: Konvulsiyaların dayandırılması və təkrarlanmasının qarşısını almaqda ilk seçim ediləcək dərman maqnezium sulfatdır. Təkrarlanan tutmalarda 2qr damar yolu ilə sürətlə MgSO4 tətbiq edilməlidir. Maqnezium müalicəsinə baxmayaraq tutmaları nəzarət altında saxlamaq mümkün olmursa, diazem (10mq) və ya thiopentone (50mq) vurula bilər və son çarə olaraq xəstə ümumi anesteziya altında yatırdılmalıdır.
3-Hipertoniyanın nəzarət altında saxlanılması; Kəskin antihipertenziv müalicə ilə ağır hipertoniyanı nəzarət altında saxlamaq lazımdır. Antihipertenziv dərman müalicəsində dərmanlar arasında nəzərə çarpan üstünlük müəyyənləşməmişdir. Dərman seçiminə həkim qərar verməlidir.
4-Maye müalicəsi; Plazma həcm genişləndiricilərinin faydası barəsində kifayət qədər dəlil yoxdur. Kristaloidlər 85ml/saat və ya saatlıq sidik miqdarı 30ml olaraq verilməlidir.
5-Maternal hipoksiyanın düzəldilməsi; anadakı konvulsiyalar nəzarət altına alındıqdan sonra arterial qan qazları yoxlanılaraq anadakı hipoksemiya və ya asidemiyanın mövcudluğu yoxlanılmalıdır. Təkrarlanan konvulsiyalar, aspirasiya, istifadə edilən antikonvulziv dərmanların tənəffüs yolu depressiyası təsiri ilə maternal hipoksemiya və ya asidemiya inkişaf edə bilər. Xüsusilə, ürək əzələsi, miokard üzərində depressiv təsirə sahib olan anestetik dərmanların istifadəsindən əvvəl maternal hipoksemiya və ya asidemiya düzəldilməlidir.
6-Analizlər; Eklampsiya bir çox orqan və sistemə təsir göstərən bir xəstəlikdir. HELLP sindromu (3%), DIC (3%), böyrək çatışmazlığı (4%) və adult repiratuar distress sindromu (ARDS)(3%) yarana bilər. Hemoqlobin, trombositlərin miqdarı, transaminazlar, sidik cövhəri, kreatinin və oksigen saturasiyası tez-tez nəzarət edilməlidir. Fokus nevroloji çatışmazlıq və ya uzun müddətli koma hadisələrində beyin MRT və ya KT çəkilməsi faydalı olur.
7-Doğuş; Eklampsiyanın dəqiq müalicəsi doğuşdur. Dölün inkişafı üçün hamiləliyin uzadılmasının faydası yoxdur. Ancaq ilk öncə hamilə qadının ümumi vəziyyətinin yaxşılaşdırılması lazımdır. Konvulsiyalar və hipertoniya nəzarət altına alınmalı, hipoksiya aradan qaldırılmalıdır. Vaginal doğuş üstünlük verilən doğuş formasıdır, ancaq uşaqlıq boynunun vəziyyəti uyğun deyilsə, adətən, qeysəriyyəyə üstünlük verilir. Doğuşdan sonra da ən az 24 saat ciddi nəzarət təşkil edilməlidir. Eklampsiyada əgər mümkündürsə, epidural anesteziyaya üstünlük verilməlidir və bunu təcrübəli anestezioloqlar həyata keçirməlidirlər.

Uzm. Dr. HAKAN TANRIVERDİ


Bölmə: Uzm. Dr. HAKAN TANRIVERDİ | Baxış sayı: 1399 | Əlavə edib: hakantv | Teqlər: Hakan, Hamiləlik, təzyiq, , yüksək | Reytinq: 5.0/1
Şərh sayı: 0
avatar
Uzm. Dr. Hakan Tanrıverdi
Cərrah Ginekolog

Op.Dr.Hakan   Tanriverdi
00:00:35
«  Dekabr 2016  »
SuMoTuWeThFrSa
    123
45678910
11121314151617
18192021222324
25262728293031

Copyright Cirtdan.TV ©
2013 - 2017
14:28 Cümə 2017.10.20
Online: 4
Qonaq: 4
İstafədəçi: 0
Cirtdan.TV PORTALI

Saytda yerləşdirilən online istifadə üçün nəzərdə tutulan bütün materiallar tanışlıq məqsədi ilə qoyularaq Video.Az, Youtube.Com , VK.comFreeOnlineGames(FOG) portallarının, o cümlədən Cirtdan.TV-də yerləşdirilmiş digər materialların rəsmi internet səhifələrinin açıq istifadə üçün nəzərdə tutulmuş resurslarından alınmışdır. Materialların məzmunu,keyfiyyəti və onlara yazılan şərhlərə, istifadəçilərin FOTOVİDEO ARXİVə yüklədiyi şəkil və videolara görə sayt və sayt administrasiyası məsuliyyət daşımır.
Statistika

Webmaster & Designer: Ilkin Hakhverdiyev