||
Analar ÜÇÜN » 2017 » Yanvar » 16 » Hamiləlikdə ürəkbulanma
21:28
Hamiləlikdə ürəkbulanma
Təxminən 100 hamilə qadından 50-70-i az və ya çox dərəcədə ürəkbulanma və qusma problemi yaşayır. Bu problem “emesis gravidarium” adlanır. Çox zaman hamiləliyin 6-cı həftəsindən etibarən ürəkbulanma müşahidə olunur. Adətən səhər daha şiddətli olan ürəkbulanmanı qusma, iştahsızlıq, qoxulara qarşı həddindən artıq həssaslıq və halsızlıq müşayiət edir. Eyni zamanda, ürək döyüntüsü, ağız suyunda artma və ağızda qoxu müşahidə edilir. “Mallory-Weis” sindromu adlanan bu cür vəziyyətdə qusmada təzə qan görünə bilər.

Hamiləlikdəki ürəkbulanma və qusmanın gün ərzində davam etməsi, ağız yolu ilə qəbul edilən dərmanlara cavab verməməsi hamilə qadının normal qidalanmasını və gündəlik fəaliyyətinin qarşısını alır və nəticədə hamilə qadının ümumi vəziyyəti pozulur və çəkinin azalmasına səbəb olur. Bu cür vəziyyət “Hiperemesis Gravidarum” (hamiləlikdə şiddətli ürəkbulanma) adlanır. Adətən, xəstəxanada yataraq müalicə edilən vəziyyətdir. Hər hamiləlik fərqli olduğu üçün eyni qadının iki hamiləliyi arasında da fərqliliklər ola bilər. İlk hamiləliyində problem yaşamayan bir qadının ikinci hamiləliyində şiddətli ürəkbulanma və qusma və ya tam əksi müşahidə edilə bilər.

Səbəbləri; Hamiləlik ərzində müşahidə edilən ürəkbulanma və qusmanın əsas səbəbinin nə olması tam olaraq məlum deyil. Şikayətlər qanda hamiləlikdən asılı olaraq yüksələn HCG və estrogen hormonunun artması ilə paralel olur. Hormonların normadan yüksək olduğu çox yumurtalı hamiləliklərdə və mol hamiləlik kimi hallarda şikayətlərin daha şiddətli olması hormonların beyindəki ürəkbulanma mərkəzinə təzyiq göstərərək bu cür mənzərəyə səbəb olması düşünülür. O cümlədən, psixoloji və fiziki stres, yorğunluq da ürəkbulanma və qusmanı artırır, xüsusən də arzu olunmayan hamiləliklərdə vəziyyət daha da şiddətli olur. Hamiləlik ürəkbulanması və qusmalarında ən effektli nəticənin B6 vitaminin qəbulu ilə alınması belə bir fikrə gətirib çıxarır ki, pu problemin səbəbi B6 vitamini çatışmazlığıdır. Ancaq aparılan araşdırmalarda qusma olan və olmayan xəstələr araasında B6 vitamini çatışmazlığının rast gəlinmə tezliyində fərq aşkarlanmamışdır. B6 vitaminin hansı mexanizma ilə bu problemi aradan qaldırması məlum deyil.

Kim daha yüksək risk altındadır?
-Dəqiq olmasa da, birdən çox körpəyə hamilə qalanlarda müşahidə edilmə ehtimalı və şiddəti daha çox olur. Heç bir problem yaşamayan çox embrionlu hamiləliyin olmasını da unutmaq olmaz.
-Daha əvvəl doğum kontrol həbi istifadə etdiyi üçün ürəkbulanması olan qadınların hamiləlik dövründə də ürəkbulanmanın müşahidə edilmə ehtimalı yüksək olur. Bunun səbəbi estrogenə olan həddindən artıq həssaslıqdır.
-Anası, ya da bacısında hamiləlik dövründə ürəkbulanma, qusma olanların öz hamiləliklərində də bu mənzərə ilə qarşılaşma ehtimalı yüksəkdir.
-Miqren tarixçəsi olanlarda daha çox rast gəlinir.
-Gənc yaşdakı hamilə qadınlarda daha çox müşahidə olunur.
-İlk hamiləliyini keçirənlərdə daha çox müşahidə edilir.

Fərqləndirici diaqnoz; Bütün ürəkbulanma və qusma hamiləliklə əlaqələndirilməməlidir, xüsusilə də, çox şiddətli olan və müalicəyə çox az cavab verən ürəkbulanmalar və qusmalar. Baxmayaraq ki, hamiləliyin ilk 3 ayı keçməsinə baxmayaraq, hələ də davam edən və ya hamiləliyin 3-cü ayından sonra başlayan ürəkbulanma və qusma varsa, eyni əlamətlərə səbəb olan digər xəstəliklər araşdırılmalıdır. Bunların arasında ən əhəmiyyətlisi mol hamiləlik (hamiləliyin normal gedişatının pozulması ilə uşaqlıqda üzüm dənələri formasında çoxlu qabarcıqların olduğu anormal hamiləlikdir.), hepatit (qaraciyər iltihabı), pankreatit (mədəaltı vəzi iltihabı), kolelitiazis (öd kisəsi daşı), kolesistit (öd kisəsi iltihabı), peptik xora (mədə və onikibarmaq bağırsağın xorası), pnevmaniya (sətəlcəm), hipertiroid (qalxanabənzər vəzinin həddindən artıq işləməsi), yumurtalıq kistasının öz ətrafında fırlanması, həzm sistemində tıxanmalar, IDDM (şəkərli diabet xəstəliyi) və beyin törəmələridir.

“Hiperemesis Gravidarum”un anaya və bətindəki körpəyə təsiri; Erkən hamiləlikdə haddindən artıq ürəkbulanma və qusması olan anaların hamiləliklərinin daha sağlam keçməsi və uşaq salma ehtimalının az olması müşahidə edilən, ancaq elmi olaraq səbəbi aydınlaşdırıla bilməyən bir vəziyyətdir. Ancaq hiperemesis yaranan və lazımi müalicə almayan və ya müalicəyə cavab verməyən hallarda bu vəziyyət əksinə çevrilə bilər. Çəkinin azalması, qandakı elektrolitlərin balansının pozulması, qida və vitaminlərin lazımi qədər qəbul edilmədiyi hallarda körpədə inkişafdan qalma yarana bilər. Ancaq hiperemesis yaranan hamilə qadınların xəstəxanada yataraq müalicə alması ilə hamiləliyə mənfi təsirinin qarşısını almaq mümkündür.

Diaqnozun qoyulması və müalicəyə münasibət; Şiddətli ürəkbulanma və qusma ilə müraciət edən hamilə qadının ümumi müayinəsi aparılır, ultrasəs müayinədə körpə sayı, sağlamlığı və hamiləlik həftəsi müəyyənləşir. Sidik analizində sidikdə keton maddəsinin olması ürəkbulanma və qusmanın ciddi olması deməkdir. Eyni zamanda, sidiyin rəngi də bədənin ümumi maye vəziyyəti haqqında məlumat verir. Sidik analizində ürəkbulanma və qusmaya təkan verən sidik yolu infeksiyası da aşkarlana bilər.

Qan elektorlitləri də bədənin maye vəziyyəti haqqında ətraflı məlumat verə bilər. Bədən susuz qaldıqda qan qatılaşdığı üçün qandakı natrium və kaliumun miqdarı artır. Elektrolitlərin artması hiperemesisin çox şiddətli olması və təcili müalicəyə ehtiyac duyulduğunu göstərir. Ancaq elektrolit balansını poza biləcək şiddətdə olan hiperemesis hadisələri çox azdır.

Hiperemesis Gravidarum hadisəsində 3 ayrı müalicə üsulundan biri tətbiq edilir:
1-yatmadan dərmansız müalicə
2-yatmadan dərmanla mülaicə
3-yataraq serum və dərman müalicəsi
Ananın şikayətləri azdırsa, yatmadan dərmansız müalicə tətbiq edilə bilər: yatmadan dərmansız müalicədə əsas məqsəd hamilə qadının özünün ürəkbulanmanın öhdəsindən gəlməyini təmin etməkdir.

İlk öncə daha çox rastlaşdığım bir vəziyyət olan dərmanların təzyiq göstərdiyi ürəkbulanma və qusma barəsində məlumat vermək istəyirəm. Dəmir tərkibli həblər və hamiləlik vitaminləri və ya uşaq salmanın qarşısını almaq üçün istifadə edilən tərkibində progesteron hormonu olan həblərin ürəkbulanma və qusmaya təkan verdiyini bilirik. Lazımsız yerə ilk 3 ayda bu cür dərmanların verilməsi ürəkbulanma və qusmaya təkan verir, verilməsi dayandırıldıqda isə hamilə qadın rahatlanır. Unudulmamalıdır ki, ilk 3 ayda hamilə qadının xüsusi vəziyyət olmadığı müddətdə fol turşusu istisna olmaqla hər hansı bir vitaminə ehtiyacı yoxdur. Bir çox fol turşusu həblərinin tərkibində ürəkbulanmanın qarşısını alan B vitaminləri də var. Progesteron istifadəsində də diqqətli olmaq lazımdır. Əvvəlki hamiləliyi uşaq salma ilə nəticələnmiş qadınların sonrakı hamiləliyində progesteron hormonunun istifadəsi lazım deyil, ya da qasıq ağrısı olan, öz-özünə hamilə qalmış 2 aylıq hamilə qadının progesteron həbi istifadə etməsinə ehtiyac yoxdur.

Gecə yuxusu təxminən 8 saatdır və bu müddət hamilə üçün olduqca uzun bir aclıq müddətidir. Bunun üçün yatmamışdan əvvəl qlisemik indeksi aşağı olan yüngül qidalar səhər ürəkbulanmalarının azalmasına kömək edir.
Səhər oyandıqda dərhal yataqdan qalxmayın, yastığı bir qədər dikləşdirib uzanın. Hər zaman çarpayınızın yanında istəkdən asılı olaraq şirin və ya duzlu peçenye qoyun, səhər çarpayıdan qalxmamışdan əvvəl oturaraq bu peçenyelərədən bir, iki tikə yeyin.
Hamilələrdə qandakı şəkərin səviyyəsi, təxminən, 3 saatda düşür. Qandakı şəkər ürəkbulnamaya təkan verdiyi üçün gündəlik qidanı 3 dəfə deyil, 5-6 dəfəyə bölərək qəbul edin.

 Ürəkbulanmaya təkan verdiyi üçün mayeni yemək arası qəbul edin.
Həzmi çətinləşdirən qidalardan uzaq durun. Yeməklər az yağlı və ədviyyatsız, mümkündürsə, qaynadılmış formada olmalıdır. Az və daha tez-tez, məsələn, 3 saatdan bir karbohidratla zəngin qidalar qəbul etmək faydalıdır. Günə başlayarkən qızardılmış taxılllı çörək, kreker və yağsız ağ pendir ilə açıq çay məsləhət görülə bilər. Digər yeməklərdə qatı qidaları daha əvvəl qəbul etmək lazımdır. Maye qəbuluna isə diqqət edilməlidir. Maye yemək müddətində az, yeməkdən 1 saat sonra daha çox qəbul edilə bilər. Yağsız plov, makaron, qaynadılmış kartof, çörək, pendir kimi hazırlanması asan olan, qoxusuz qidaları gün ərzində qəbul etmək daha uyğundur.
Ani hərəkətlər ürəkbulanmaya təkan verə bilər. Çarpayıdan qalxarkən dərhal yeriməyin, divandan durarkən 2-3 saniyə gözləyib sonra yeriyin.
Son illər hamiləlik ürəkbulanması üçün biləyin daxili hissəsinə yüngül təzyiq göstərərək ürəkbulanmanı səngitdiyi irəli sürülən biləkliklər çıxmışdır. Akupunkturun bir variant olan “acupressure” təməlinə dayanan bu cür biləkliklərdən fayda gördüyünü söyləyən bir çox insan olmasına baxmayaraq, elmi olaraq öz təsdiqini tapmamışdır. Hər hansı bir ziyanının olmadığını nəzərə alsaq, istifadə olunmasında da hər hansı bir qadağa yoxdur.

Zəncəfil; Məncə də ürəkbulanmanıza müsbət təsir göstərəcək ən effektli qidadır. Dadını özünüz müəyyənləşdirərək hazırlayacağınız qatıq və ya ballı zəncəfil həm ürəkbulanmanın qarşısını alacaq, həm də qidalandırıcı olacaq. Hamiləliyin erkən dövründə gündə 4 dəfə 250 mq dozada qəbul edilən zəncəfil tozu ürəkbulanmanı və qusmanı nəzərə çarpacaq dərəcədə azaldır.
Yaddan çıaxrmaq olmaz ki, bu cür ürəkbulanma ilə yaşamaq olmaz. Bütün günü oturub ürəkbulanmam var, yemək yeyə bilmirəm, iştaham yoxdur kimi şikayətlər olduqda dərmanların da xeyri olmur. İşləmək bu baxımdan çox əhəmiyyətlidir. Ancaq evdar qadınlar kitab oxuyaraq, televizor izləyərək və ya gəzintiyə çıxaraq ürəkbulanmanı unutmağa çalışmalıdırlar.
Öz-özünə bu cür tədbirlərlə ürəkbulanma və qusmanın öhdəsindən gələ bilməyən hamilələr həkimə müraciət etməlidirlər.

Hamilənin şikayətləri gündəlik fəaliyyətinə mane olursa, dərmansız müalicəyə cavab vermirsə, yataq rejimi tətbiq edilmədən dərman müalicəsi edilə bilər. Ürəkbulanmanı aradan qaldıran dərman hamiləlikdə istifadə edilmir, ancaq istifadə edilə bilən dərmanlar illərdir sınanan və ana bətnindəki körpəyə mənfi təsiri olmayan dərmanlardır. Bəzi hamilələr həkimlərinin məsləhətlərinə baxmayaraq, dərman istifadəsindən çəkinirlər. Bu son dərəcə səhv davranış formasıdır. Dərman olaraq hamilələrə verilən ürəkbulanmanı aradan qaldıran həblər və antihistaminlərdir. Ürəkbulanma, qusma müalicəsində istifadə edilən H1-reseptor blokatorları, fenotiazinlər, metokoloropamid və ondansetron kimi dərmanların çoxu B və ya C qrupundadır və ona görə də hamiləlik ərzində istifadəsi körpə üçün əhəmiyyətli risk yaratmır. Dramamine, postadoxin və Emedur kimi dərmanlar hamiləlikdə rahat formada istifadə edilə bilər. Metpamid və Zofran kimi B qrupunda tədqiq edilir və hamiləlikdə istifadəsində maneə yoxdur.

Əlavə olaraq B vitaminlərinin ön planda olduğu vitamin dəstəkləyiciləri də edilməlidir. Yataq rejimi tətbiq edilmədən dərman müalicəsi ilə yanaşı, yuxarıda bəhs edilən tədbirlərə də riayət edilməlidir.
Hamilə qadının şikayətləri yataq rejimi tətbiq edilmədən dərman müalicəsinə cavab vermirsə, ümumi vəziyyəti yaxşı deyilsə, çəkinin azalması müşahidə edilirsə, analizlərdə sidikdə ketonun səviyyəsi normadan artıqdırsa, ya da bədənin susuz qalması ilə bağlı əlamətlər varsa, yəni sidiyin sıxlığı artmışdırsa, rəngi tündləşibsə, qan elektrolitləri balanslı deyilsə, hamilə qadın xəstəxanaya yerləşdirilməli və serum müalicəsi başlanılmalıdır. Serum müalicəsinin məqsədi hamilənin itirdiyi maye, elektrolit və qida maddələrini damar yolu ilə geri qaytarmaqdır. Ürəkbulanmanı sovuşduran dərmanlar və vitaminlər də serumla birlikdə verilir. Ürəkbulanma və qusma dayanana qədər xəstəyə ağız yolu ilə hər hansı başqa şey verilmir. Daha sonra dietoloq tərəfindən planlaşdırılan hiperemesis pəhrizi tətbiq edilir. Ağız yolu ilə maye və qida qəbulu bərpa edildikdən sonra normal qidalanma başlayır.

Bu cür dəstəkləyici müalicə ilə adətən, 2-3 gün ərzində sürətli yaxşılaşma gedir və xəstə ağızdan qida qəbul edəcək hala gəlir və xəstəxanadan çıxarılır. Bəzi vəziyyətlərdə hamilə qadının bir neçə dəfə bu cür formada xəstəxanada müalicə alması lazım gələ bilər.
Dəstəkləyici müalicəyə cavab verməyən hadisələrdə isə əlavə tədbirlər görülməlidir. Bu halda xəstə boş otağa yerləşdirilir və xəstənin yanına heç kəs buraxılmır, hətta həyat yoldaşı belə. Ağızdan heç bir formada qidalana bilməyən hamilə qadınlar xüsusi damar yolu açılaraq “total parenteral nutrisyon” (TPN) müalicəsi yolu ilə damardan qidalanır. Hamiləyə lazım olan karbohidrat, zülal və yağ məhlul formasında damar yolu ilə verilir.
Hiperemesis, adətən, hamiləlik həftəsi artdıqca yüngülləşir və ilk 3 aydan sonra qurtarır. Heç bir müalicəyə cavab verməyən və hamiləliyin sonlandırılmasını tələb edəcək qədər şiddətli olan hiperemesis isə çox nadir hallarda müşahidə edilir.

Uzm. Dr. HAKAN TANRIVERDİ
© http://cirtdan.tv/


Bölmə: Uzm. Dr. HAKAN TANRIVERDİ | Baxış sayı: 1228 | Əlavə edib: hakantv | Teqlər: ürəkbulanma, Hamiləlikdə, Hakan | Reytinq: 0.0/0
Şərh sayı: 0
avatar
Uzm. Dr. Hakan Tanrıverdi
Cərrah Ginekolog

Op.Dr.Hakan   Tanriverdi
00:01:02
«  Yanvar 2017  »
SuMoTuWeThFrSa
1234567
891011121314
15161718192021
22232425262728
293031

Copyright Cirtdan.TV ©
2013 - 2017
14:02 Bazar 2017.02.26
Online: 2
Qonaq: 2
İstafədəçi: 0
Cirtdan.TV PORTALI

Saytda yerləşdirilən online istifadə üçün nəzərdə tutulan bütün materiallar tanışlıq məqsədi ilə qoyularaq Video.Az, Youtube.Com , VK.comFreeOnlineGames(FOG) portallarının, o cümlədən Cirtdan.TV-də yerləşdirilmiş digər materialların rəsmi internet səhifələrinin açıq istifadə üçün nəzərdə tutulmuş resurslarından alınmışdır. Materialların məzmunu,keyfiyyəti və onlara yazılan şərhlərə, istifadəçilərin FOTOVİDEO ARXİVə yüklədiyi şəkil və videolara görə sayt və sayt administrasiyası məsuliyyət daşımır.
Statistika

Webmaster & Designer: Ilkin Hakhverdiyev