||
Analar ÜÇÜN » 2016 » Noyabr » 30 » Zürafə və dovşanın dostluğu
22:53
Zürafə və dovşanın dostluğu
Biri var idi, biri yox idi. Bir zürafə və bir dovşan vardı. Onlar çox yaxın dost idilər. Bir yerdə çox vaxt keçirir, oynayır, söhbət edir,birlikdə yeyir, əylənirdilər. Dovşan zürafənin quyruğundan tutub yellənməyi çox sevirdi. Hər dəfə sağa-sola hərəkət etdikcə, üzünə vurulan küləkdən həzz alır, sərinləyirdi. Bəs zürafənin quyruğu ağrımırdı? Əlbəəttə, yox! Dovşanın yumşaq, şirin tükləri onun quyruğunu qıdıqladıqca, zürafə bundan xoşallanırdı. Sonra birlikdə qarınlarını doydururdular. Dovşan öz göyərtisini, kələmini,kökünü dostuyla paylaşırdı. Zürafə kələmi, kökü sevməsə də, dostunun xətrinə dəymir, yeyirdi. Zürafə də dovşana öz yediklərindən verirdi. Ağacdan yarpaq, tumurcuq, filiz qoparır, dovşana verirdi. Dovşan da filizi sevmir, eynən dostu kimi, dostunun xətrinə yeyirdi. Onlar yırtıcı heyvanlardan da birgə qorunurdular. Elə buna görə bir mağara da axtarıb tapmışdılar.Nə zaman bir təhlükə hiss etsələr, o mağaraya qaçırdılar. Onlara elə gəlirdi ki, dostluqları heç bitməyəcək. Sanki dünyada belə paylaşan, belə anlaşan, bir-birilərini sevən dostlar heç olmamışdı, olmayacaqdı da! Ta o günə qədər ki...

Həmin gün dovşan, hoppana-hoppana meşədə gəzirdi. Bir də gördü ki, özü kimi yumşaq tükləri olan özündən də balaca bir dovşan qorxa-qorxa ona tərəf hoppanır. Balaca gəlib çatdı və dedi ki,yolu itirib, yuvasına getmək istəyir, lakin meşədən çıxa bilmir. Dovşan ona kömək elədi, meşədən çıxardı. Onlar meşədən çıxandan sonra yolunu itirən balaca dovşan öz yuvasını tapdı. Həmin gündən onlar dost oldular. Artıq dovşanın həm də bir balaca dovşan dostu vardı. Daha dovşan zürafə ilə çox az vaxt keçirir, onun yanında darıxır, o biri dovşanın yanına qaçmaq üçün tələsirdi. Zürafə isə bunun səbəbini anlamırdı. Bir neçə dəfə səbəbini soruşsa da, dovşan ona heç nə demirdi ki, demirdi. Qorxurdu birdən dovşanın xətrinə dəymiş olar. Bunu düşünəndə çox üzülürdü. Zürafə dovşan olmayanda çox darıxsa da, artıq yavaş-yavaş təkliyə öyrəşirdi. Bir dəfə dovşan yenə ondan ayrılıb getdi. Zürafə tək yemək yedi, bir az dincəldi, gördü ki, çox darıxır, gəzmək qərarına gəldi. O, gəzə-gəzə gəlib meşəyə çıxdı. Bir az irəli gedəndə orda dostu dovşanın balaca bir dovşanla oynadığını gördü. Bu zürafəyə çox pis təsir etdi. Dostunun başqa dostu olduğuna görə onu qısqanmadı. Amma dostu onu aldatdığı üçün çox məyus oldu. Həmin gündən onların dostluğu pozuldu. Zürafə dovşandan küsdü. Dovşan zürafə ilə barışmaq üçün heç cəhd də eləmədi. Sanki elə bunu gözləyirmiş kimi sakitcə uzaqlaşdı ondan...

Günlər keçir, dovşan bütün vaxtını öz yeni balaca dostu ilə keçirirdi. Bir gün yeni dostu onunla çox kobud davrandı. Balaca dovşan dostunu qoyub yeni tapdığı dostu ilə oynamağa getdi. Dovşan ondan incidi və yeni dostunun əsl dostu olmadığını anladı. Zürafəni xatırladı. O da eynən balaca dovşanın ona etdiyini zürafəyə etmişdi. Dovşan, Zürafəyə qarşı haqsızlıq etdiyini başa düşüb peşman oldu. Düşündü ki, gedib Zürafədən onu bağışlamasını xahiş etsin. Dovşan zürafə ilə həmişə oynadıqları yerə getdi. Zürafə orda yox idi. Sonra mağaraya getdi, gördü orda da yoxdur. Meşəyə getdi, yemək yedikləri yerə baxdı, heç yerdə dostunu görmədi ki, görmədi. Hər yeri axtardı, hər rastına çıxandan soruşdu, lakin tapmadı ki, tapmadı. Zürafə artıq o yerləri çoxdan tərk etmişdi...

Dovşan öz səhvini, etdiyi hərəkətin nə qədər ağrıdıcı olduğunu indi başa düşdü. Oturub xeyli düşündü. Özünü danladı, danladı. Lakin artıq bir xeyri yox idi. Nəsə etmək lazım idi. O, dostunu geri qaytamaq qərarına gəldi. Əvvəlcə düşündü, dostu hara gedə bilərdi? Birdən ağlına gəldi ki, zürafə həmişə ona öz vətənindən danışardı. O demişdi ki, bütün zürafələrin vətəni Afrikadakı Savannalardır. Əlac bir tək, Afrikaya getməyə qalırdı. Dovşan yuvasına getdi, bir az azuqə götürüb çıxdı və yola düzəldi. Çox yol getdi, çaylar, dənizlər keçdi, dərələr, təpələr aşdı, çox yoruldu. Lap əldən düşdü, axırda gəlib Afrikaya çatdı. Üz tutdu Savannaya. Gəlib ora da çatdı. Bir az gəzdi, axır ki, öz dostunu da tapdı. Dovşan hoppana-hoppana öz dostuna tərəf qaçdı. Onu gördüyü üçün çox sevindi. Zürafə nə qədər incik olsa da, o da çox sevindi. Dostlar görüşdülər. Dovşan öz səhvini etiraf etdi, çox peşman olduğunu dedi, zürafədən onu bağışlamasını istədi. Zürafə dovşanı bağışladı. Onlar yenidən dost oldular.

Nənə bu nağılı uşaqlara ağacın kölgəsində danışdı və nağıl ağacın xoşuna gəldi. Ağac nənəyə üç alma atdı. Nənə də almaların birini nağılı danışana, birini dinləyənə, birini də dostlarının qədrini bilənə verdi.

Səmayə Nənə


Bölmə: Qısa Hekayələr | Baxış sayı: 113 | Əlavə edib: nene | Teqlər: Hakan, Zürafə, , dostluğu, dovşanın | Reytinq: 5.0/1
Şərh sayı: 0
avatar
00:02:11
«  Noyabr 2016  »
SuMoTuWeThFrSa
  12345
6789101112
13141516171819
20212223242526
27282930

Copyright Cirtdan.TV ©
2013 - 2016
22:22 Cümə Axşamı 2016.12.08
Online: 6
Qonaq: 6
İstafədəçi: 0
Cirtdan.TV PORTALI

Saytda yerləşdirilən online istifadə üçün nəzərdə tutulan bütün materiallar tanışlıq məqsədi ilə qoyularaq Video.Az, Youtube.Com , VK.comFreeOnlineGames(FOG) portallarının, o cümlədən Cirtdan.TV-də yerləşdirilmiş digər materialların rəsmi internet səhifələrinin açıq istifadə üçün nəzərdə tutulmuş resurslarından alınmışdır. Materialların məzmunu,keyfiyyəti və onlara yazılan şərhlərə, istifadəçilərin FOTOVİDEO ARXİVə yüklədiyi şəkil və videolara görə sayt və sayt administrasiyası məsuliyyət daşımır.
Statistika

Webmaster & Designer: Ilkin Hakhverdiyev